İcbari tibbi müayinə


StethoscopeAilənin sağlamlığının qorunmasında nikahdan öncə icbari tibbi müayinənin əhəmiyyəti

Son illər Ailə siyasətinin gücləndirilməsi sahəsində bir cox yeniliklər həyata keçirilmişdir. Bu tədbirlərdən biridə nikahdan öncə icbari tibbi müayinədən keçmə tələbinin ailə qanunvericiliyinə daxil edilməsidir.

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununa əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minmişdi.

Qanunda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsi (Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi) yeni redaksiyada verilmişdir.

Bu dəyişiklikdən əvvəl nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi könüllülük əsasında həyata keçirilirdi. İndi isə bu məsələ icbari xarakter aldı.

Yenilik ondan ibarətdir ki, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən konkret xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Bu zaman onlara həmçinin tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsi də nəzərdə tutulur. Yəni nikaha daxil olmaq istəyən şəxsdə xəstəliklərdən hər hansı biri aşkar edilərsə bu xəsətəliyin ailə qurduqda yarada biləcəyi fəsadlar ona izah edilir. Bunu etməkdə məqsəd nikaha mane olmaq yox , gələcəkdə ailədə dünyaya gələcək uşaqların, habelə ailənin digər üzvlərinin risqli hallardan qorunmasını təmin etməkdir.

 Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, həmin şəxslərin müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda yalnız şəxsin tibbi müayinədən keçmə faktı və ona, tibbi məsləhətin verildiyi təsdiq edilir. Həmin şəxslərin tibbi müayinəsinin nəticələri haqqında məlumatlar arayışda qeyd olunmur. Tibbi müayinənin nəticələri nikahın qeyda alnmasına təsir etmir.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur və nikahın qeydiyyatını aparan orqana təqdim edilir. Bu olmadıqda nikah qeydə alınmır.

 Qanun qeydiyyat orqanlarının vəzifəli şəxslərinin nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb etməsini qadağan edir.

Tibbi müayinənin nəticələri həkim sirridir. Nikaha daxil olmaq istəyən şəxlər özləri könüllü olaraq tibbi müayinənin nəticələri haqqında bir-birini məlumatlandıra bilərlər. Təbii ki, bu təqdirə layiq olardı və tərəflərin bir-birinə inam və etimadını artırardı.

Əslinə qalsa Ailə Məcəlləsinə gorə nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu xəstəliklərlə qarşı tərəfi bilərəkdən yoluxdurma və ya yoluxma təhlükəsi qarşısında qoyma isə cinayət məsuliyyəti yaradır və AR Cinayət Məcəlləsinin 139-cu  və 140-cı maddələri ilə cəzalandırılır.

Bunları nəzərə alaraq tövsiyə edilir ki, tərəflər romantik hissləri bir qədər kənara qoyaraq gələcəkdə quracaqları ailənin, dünyaya gətirəcəkləri övladlarının sağlamlığı kimi real məsələləri də düşünsünlər.

Nikahdan öncə məcburi qaydada tibbi müayinədən keçmə bir çox ölkələrdə artıq uzun illərdir ki, mövcuddur.

Yunanıstanda ötən əsrin 50-ci illərində talassemiya xəstəliyi çox geniş yayılmışdı. Orada belə bir qanun qəbul olundu və nikaha daxil olnan şəxslər mütləq talassemiyadan müayinə olunmalıdırlar. Hər iki şəxsdə bu xəstəlik aşkar olunduqda, onların nikaha girməyi tövsiyə olunmurdu və ya girərlərsə dünyaya uşaq gətirməmələri tövsiyə edilirdi. 20 il ərzində Yunanıstanda bu xəstəliyə son qoyuldu.

Təxminən 60-cı illərdə Türkiyə belə bir qanun qəbul etdi və bu da talassemiyanı Türkiyədə sıfıra endirdi.

Fransada da artıq bu məsələ qanuniləşdirilib. Ötən əsrin 50-ci illərində Fransada hemofiliya xəstəliyi çox geniş yayılmışdı. Burada da belə bir qanunla hemofiliya xəstələrinin nikahdan öncə müayinəsi, onların nikaha daxil olması və dünyaya uşaq gətirməsi nəzarət altına alınmışdı.

Orta Asiya ölkələrində nikahdan öncə tibbi müayinə keçmək kimi məsələlər aktual olmasa da, formal olaraq gənclərin sağlamlığı barədə onlardan məlumat vermələri tələb olunur.

Qərb ölkələrində də bu məsələyə çox ciddi baxılır. Məsələn, Birləşmiş Ştatlarda nikahdan əvvəl qohum olub-olmamağın heç bir fərqi yoxdur, tibbi qan analizi mütləq verilməlidir. Lakin hər bir halda nikahın bağlanmasına heç kim mane ola bilməz, həkimlər sadəcə xəbərdarlıq edirlər.

Ukraynada isə icazəsiz evliliyə rəsmi şəkildə qadağa qoyulub. Qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslər əvvəl tibbi müayinədən keçməli və öz səhhətlərinin vəziyyəti barədə bir-birilərinə mütləq məlumat verməlidirlər. Bu zaman dövlət onların tibbi müayinəsi üçün şəraiti təmin edir, müayinənin nəticələri isə sirr kimi saxlanılır və yalnız cavanların özlərinə açıqlanır. Nikah bağlayanlardan birinin öz səhhətinin vəziyyəti barədə məlumatı gizlətməsi isə nikahın etibarsız hesab edilməsi üçün əsas götürülür.

Azərbaycan talassemiyanın geniş yayıldığı hesab edilən ölkələr sırasındadır. Hər il Respublikada üç yüzə yaxın (300) uşaq bu xəstəliklə doğulur. Son illər talassemiyanın profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların, eləcə də uşaqların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu uşaqlar  həm də, qan qohumuluğu nikahı əsasında dünyaya gəlirlər.

Bu baxımdan Azərbaycanda da bu Qanunun qəbul edilməsi, yəni evlilikdən əvvəl aparılan məcburi tibbi müayinənin aparılması, gələcəkdə daha xoşbəxt ailənin təməlinin qoyulması deməkdir.

Hüquqi təminat şöbəsinin baş məsləhətçisi: Vəfa Ələkbərova