Resurs mərkəzləri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində  Qadın Resurs Mərkəzləri (QRM) yaratmışdır. Hazırda Komitənin 17 rayonda (Sabirabad, Biləsuvar, Neftçala, Masallı, Salyan, Qusar,  Zaqatala, Xaçmaz, Bakı şəhərinin Xəzər rayonu, Füzuli, Ağcabədi, Tərtər, Cəlilabad, Sumqayıt, Bərdə, Tovuz, Göyçay) Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir.

Qadın Resurs Mərkəzləri məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, səmərəli ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi fəaliyyət göstərir.

Qadın Resurs Mərkəzləri tərəfindən icmalarda, məktəblərdə erkən nikahların, qızların təhsildən yayınmasının, məişət zorakılığının, insan alverinin qarşısının alınması, gender bərabərliyi, insan hüquqları, narkomaniyanın fəsadları, maliyyə savadlılığı, QHT yaratmaq, CV yazmaq, reproduktiv sağlamlıq, selektiv abort və onun fəsadları, ailə büdcəsinin idarə edilməsi, biznes bacarıqlarının artırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi barədə şagirdlərin, valideyn-müəllim kollektivlərinin, eyni zamanda icma üzvlərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilir, komputer və  peşə kursları təşkil olunur.

Layihələr yekunlaşdıqdan sonra QRM-lərın fəaliyyətinin davamlılığını  təmin etmək məqsədilə Komitə tərəfindən Mərkəzlərin hüquqi qeydiyyatdan keçərək QHT kimi fəaliyyət göstərməsi təmin edilmişdir. 9 Qadın Resurs Mərkəzi (Neftçala, Biləsuvar, Sabirabad, Salyan, Masallı, Zaqatala, Qusar,  Xəzər, Göyçay  Qadın Resurs Mərkəzləri) qeydiyyatdan keçərək QHT statusu almışdır. Mərkəzlər QHT kimi yerli və beynəlxalq təşkilatlardan qrant alaraq layihələr həyata keçirirlər.