“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir Hacıqabul rayonunda keçirildi

31 iyul 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi, ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə bələdiyyə orqanları ilə birgə keçirilən “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir 31 iyul 2017-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyəti və İmişli, Sabirabad, Beyləqan rayonlarının və Şirvan şəhərinin aktiv yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilib.  

Tədbiri giriş sözü ilə açan Hacıqabul rayon İcra Hakimiyyətinin başçısının müavini Əslan Səmədov tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyətinin iştirakçılara açıqlayıb.   Azərbaycanda dövlət ailə siyasətinin uğurla davam etməsi, ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına geniş məlumat verib və eyni zamanda  layihənin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib. Gənc nəslin maarifləndirilməsi, ailələri narahat edən problemlərin aradan qaldırılması istiqamətində layihənin  daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələrin rolunu xüsusilə vurğulayaraq, yerli özünüidarəetmə orqanlarını fəal olmağa çağırıb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” adlı layihənin mahiyyətini haqqında geniş məlumat verib. O, Azərbaycanın tarixən gözəl ailə ənənələrinin bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməli olduğunu qeyd edib. Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərdən olduğunu vurğuluyan Aynur Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi  möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Sədr müavini qloballaşan dünyada baş verən dəyişikliklərin Azərbaycan ailəsinə olan təsirlərini də qeyd edərək,  mənfi təsirlərin aradan qaldırılması istiqamətində Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Sosial şəbəkələrin gənc nəslə olan təsirlərini qeyd edən Aynur Sofiyeva layihənin bu istiqamətdə də faydalı olacağını və gənc nəslin sağlam ruhda yetişməsində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət Proqramlarından, qəbul edilən qanunlardan, aparılan davamlı və məqsədyönlü dövlət siyasətinin ailə institutunun inkişafına öz müsbət təsirini göstədiyini tədbir iştirakçılarına çatdırıb.

Daha sonra “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsini müdiri Gülnarə Məmmədova layihə barəsində tədbir iştirakçılarına geniş məlumat verib.   

Daha sonra çıxış edən Birinci Udullu Bələdiyyə sədri Ramiz Təhməzov gənc nəsli müasir dövrdə daha fəal olmağa çağırıb, ailələrin möhkəmlənməsi istiqamətində görülən işlərin vacibliyini bir daha vurğulayıb.

Gənclər adından çıxış edən İlqarə Muxtarova gənclərin öz üzərində əzmlə çalışmalarını, savadlı olmaqla bərabər hər hansı peşə bilmələrinin vacibliyini bildirib.  Müzakirələrdə İmişli, Sabirabad, Beyləqan rayonlarının və Şirvan şəhərinin yerli özünüidarəetmə orqanlarının nümayəndələri  də  aktiv iştirak ediblər.

Tədbir yekunlaşdıqdan sonra şəhər bələdiyyəsi  tərəfindən “Ailə Akademiyası” layihəsi çərçivəsində ilk təlimdə gənclər reproduktiv sağlamlıq, sağlam həyat tərzi istiqamətində həkim məsləhətini dinləyiblər.

Yekunda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanmış maarifləndirmə vəsaitləri paylanılıb.