Qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr

14 avqust 2014

Paylaş:

Avqustun 14-də Ağstafa Rayon Təhsil Şöbəsində keçirilən regional tədbirdə qadınların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə edildi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Gəncə, Mingəçevir şəhərlərini, Yevlax, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarını təmsil edən fəal qadınlar iştirak edirdilər.
Görüşdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev rayonun ictimai-siyasi həyatında qadınların rolundan, fəal qadınlara yaradılan şəraitdən söz açdı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkə qadınlarının qarşısında yeni məqsəd və vəzifələr dururdu. Belə bir şəraitdə qadınların dövlət idarəetmə sistemində lazımı səviyyədə təmsil olunması üçün ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı müvafiq istiqamətdə mühüm dövlət sənədi oldu.

Vurğulandı ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da qadınlarımızın ictimai-siyasi həyatda fəallığının artırılmasına təkan verdi. Bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınların rolundan danışan S.Qəhrəmanova bildirdi ki, məqsədimiz zərif cinsin nümayəndələrinin seçkilərdə fəallıq nümayiş etdirmələri, qadın bələdiyyə üzvlərinin sayının daha da artmasına nail olmaqdır.

Qeyd olundu ki, bələdiyyə seçkilərində qadınların fəallığı nəticəsində ölkə üzrə qadın bələdiyyə üzvlərinin sayı 4 faizdən 20 faizə çatdırılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin qadınlara örnək olduğunu vurğulayan S.Qəhrəmanova xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin və incəsənətimizin bütün dünyada təbliğində onun xidmətlərinin əvəzsiz olduğunu bildirdi.

Tədbirdə çıxış edən tovuzlu fəal qadın Svetlana Verdiyeva bildirdi ki, bu gün rayon əhalisinin yarısını qadınlar təşkil edir. Onların 54,3 faizi ictimai-faydalı əməklə məşğul olur. Rayon qadınlarının 21,8 faizi dövlət idarəetmə orqanlarında, 63,6 faizi isə digər müəssisələrdə çalışırlar. Tovuz rayonunda bələdiyyə üzvlərinin 30 faizdən çoxunu qadınlar təşkil edir.
Digər çıxış edənlərdən YAP Ağstafa Rayon Təşkilatının Qadınlar Şurasının sədri Şahanə Osmanova,  Mingəçevir Bələdiyyəsinin üzvü  Nurcamal Məmmədova,  Qazax Rayon YAP Qadınlar Şurasının sədri, Xanlıqlar Kənd Bələdiyyəsinin sədri Asya Alhüseyinova, Şəmkir Rayon Mərkəzi  xəstəxanasının həkimi, baş oftolmoloq Nüşabə Seyidova ,  Yevlax rayon Balçılı Bələdiyyəsinin sədri Lyuba Zeynalova,   Gəncə şəhər 32 saylı məktəbin direktoru Tutu  Hüseynova , Mingəçevir Qeydiyyat İdarəsinin rəisi Sevinc Hüseynova, Tovuz rayon YAP Qadınlar Şurasının nümayəndəsi Aybəniz Hacıyeva qadınların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışdılar.