Bərdə rayonunda yerləşən N saylı Hərbi Hissədə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı layihə çərçivəsində tədbir keçirilmişdir

22 avqust 2014

Paylaş:

Gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlət  ailə siyasətinin prioritet istiqamətini təşkil edir. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması,  onlara sağlam həyat tərzinin aşılanması istiqamətində “Sağlam ailə sağlam gələcəyin təminatıdır ” adlı genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçirilir.

Layihə çərçivəsində növbəti tədbir 22 avqust 2014-cü il tarixində Bərdə Rayonunda yerləşən N saylı hərbi hissənin şəxsi heyətinin və ekspertlərin iştirakı ilə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan N saylı Hərbi Hissənin Bərdə Korpusunun komandirinin şəxsi heyət ilə iş üzrə müavini Polkovnik Valeh Rəcəbov qonaqları, hərbi hissənin əsgər və zabit heyətini salamlamış, bu istiqamətdə həyata keçirilən tədbirlərin önəmindən bəhs etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ilk öncə bütün əsgər və zabitlərə vətənə ləyaqətlə xidmət etdikləri üçün minnətdarlığını bildirmiş, daha sonra Komitə və Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin önəmindən bəhs etmişdir. Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edən A.Sofiyeva, bu tip maarifləndirmə tədbirlərinin nəticəsində bir çox mənfi halların azaldığını, Komitə tərəfindən Respublikamızın bütün bölgələrində mütəmadi olaraq müxtəlif istiqamətlərdə layihələrin davam etdirildiyini vurğulamışdır.

Daha sonra Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya, Bərdə Rayon Ağbirçəklər Şurasının sədri Rahilə Babayeva tədbirdə çıxış etmiş, gənclərə öz dəyərli tövsiyyələrini vermişdirlər.

Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzular ətrafında müzakirələr  aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Hərbi Hissənin kitabxanasına Komitə tərəfindən hazırlanmış çap materialları təqdim olunmuşdur.