Prezident tərəfindən vacib Fərman və Sərəncamlar imzalanmışdır

17 yanvar 2023

Paylaş:

Cari ilin yanvar ayı ərzində vətəndaşların, xüsusilə də uşaq və ailələrin sosial təminatının və müdafiəsinin gücləndirilməsi, həssas qrupdan olan insanlara diqqət və qayğının arıtırlması istiqamətində hökumət tərəfindən bir sıra mühüm sənədlər qəbul edilmiş, cənab Prezident tərəfindən vacib Fərman və Sərəncamlar imzalanmışdır.

13 yanvar 2023-cü il tarixində yeni sosial islahat paketi çərçivəsində imzalanan mühüm sənədlərlə həssas əhali qruplarına yönələn müavinət və təqaüdlərin, eləcə də əmək haqqının artrılması uğurlu sosial-iqtisadi dövlət siyasətinin göstəricisidir.

1 milyon 900 min vətəndaşı əhatə edən bu islahat paketi həssas qruplardan olan, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, çoxuşaqlı ailələrin sosial müdafiəsinə və rifahının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu, son 5 ildə ölkəmizdə 4-cü belə islahat paketidir.

Fərman və Sərəncamlara əsasən beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 manat müəyyən edildi. Bu isə 3,2 dəfə artım deməkdir. Belə ki, 2018-ci ildə bu rəqəm 33 manat təşkil edirdi.

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manat müəyyən edildi. Bu isə 82% artım deməkdir. 2018-ci ildə bu rəqəm 55 manat təşkil edirdi.

Uşağın anadan olmasına görə sosial müavinətin məbləği isə 500 manat müəyyən edildi. Bu isə 4,6 dəfə artım deməkdir. 2018-ci ildə bu rəqəm 109 manat təşkil edirdi.

Ailə başçısını itirməyə görə müavinətin (hər ailə üzvü üçün) məbləği isə 120 manata çatdırılıb. Bu isə 76,5% artım deməkdir. Belə ki, 2018-ci ildə bu rəqəm 68 manat təşkil edirdi.

Son günlər qəbul olunan sosial siyasət paketi dövlət başçısının yeni islahatlar kursunun strateji xəttini təşkil edir və sosial yönümlü siyasətin inkişafında xüsusi rolu ilə fərqlənir.

Qeyd olunan sosial təminatın gücləndirilməsi ilə yanaşı, hər zaman olduğu kimi bu il də Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması məsələsinə xüsusi önəm verilməkdədir. Dövlət tərəfindən uşaqlara olan diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.5-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 13 yanvar tarixli 8 nömrəli Qərarı “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası” təstiqlənmişdir.

Bu sənədi əlverişsiz vəziyyətlərdə olan uşaqların aşkar edilməsi və onlara dəstəyin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər üçün növbəti addım kimi qiymətləndirmək olar.

Qeyd edilməlidir ki, son illərdə bütün dünyada fəlakətlərlə nəticələnən pandemiya zamanı, eləcə də Vətən müharibəsi dövründə uşaqların fövqəladə hallarda müdafiəsi məsələsi daha da aktuallaşmışdır. Təcrübə göstərirdi ki, bu kimi xüsusi hallarda uşaq müdafiəsinin daha da gücləndirilməsi və xidmətlərə çıxışı olmayan bəzi uşaqların aşkarlanması istiqamətində xüsusi mexanizmə ehtiyac vardır. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.5-ci bəndi və bu il imzalanan Nazirlər Kabinetinin müvafiq Qaydası da məhz bu məsələyə istiqamətlənmişdir.

Qaydada uşaqların hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma, uşaq mənafelərinin üstünlüyü, uşağın ləyaqətinə hörmət və bərabərlik prinsipləri əsas götürülmüşdür. Sənədin icrasına cavabdeh qurumlar isə Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Qaydada uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışının təmin edən dövlət orqanları, onların vəzifələri və həyata keçirməli olduqları tədbirlər əks olunmuşdur. Sənədə əsasən xüsusi vəziyyətlər dedikdə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən epidemiya əleyhinə rejimin, “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən xüsusi hüquqi rejimlərin, sanitariya-gigiyena və ya karantin rejimlərinin elan olunduğu vəziyyətlər nəzərdə tutulur. Belə hallarda uşaqların həyat və sağlamlığına olan təhlükələri aradan qaldırmaqla onların xidmətlərə çıxışının təmin edilməsi üçün dövlət orqanlarının operativliyi, birgə və əlaqələndirilmiş fəaliyyəti önəmlidir.

Nazirlər Kabinetinin Qaydası “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın uşaqlarla bağlı qəbul ediləcək normativ hüquqi akt layihələrindən biridir. Bu istiqamətdə cari ilin sonuna kimi digər müxtəlif normativ hüquqi akt sənədlərinin də qəbulu gözlənilir.

Qeyd olunanlar onu deməyə əsas verir ki, ölkəmizdə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar və qanunvericilik aktları ailələrin rifahının və həyat səviyyəsinin yüksəldilməsinə, uşaqların təminatının gücləndirilməsinə və hərtərəfli inkişafına xidmət edir.

https://president.az/az/articles/view/58593

https://president.az/az/articles/view/58591

https://nk.gov.az/media/files/294fa81a6f41c1c8280617b458106106.pdf

https://e-qanun.az/framework/46359