Regionlarda qadınların məşğulluq məsələləri ilə bağlı maarifləndirici tədbirlər keçirilib

1 iyul 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə regionlarda qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsi, aztəminatlı evdar qadınların məşğulluq məsələləri, qadınlar arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi, onların maliyyə savadlılığının və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması məqsədilə tədbirlər keçirilib.

Zaqatala UADM-in təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə Zaqatala Qadın Resurs Mərkəzindən faydalanan qadınlar öz biznesləri barədə məlumat verib, bacarıq və qabiliyyətlərini aztəminatlı evdar qadınlarla bölüşüblər.

Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Göygöl rayon xidmət şöbəsi və Göygöl Peşə məktəbinin nümayəndələri, mərkəzin xidmətlərindən bəhrələnən uşaqların valideynləri iştirak ediblər.

Tədbirdə iştirakçılara peşə təhsili müəssisələrinə qəbul qaydaları, əmək bazarında mövcud olan aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzində qeydiyyata durmaq qaydası, mövcud olan vakansiyalar, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib.