Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

9 may 2016

Paylaş:

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fevralın 25-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsində tədbir keçirilib.

Qeyd edək ki, “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi dövlət qurumları və ictimai təşkilatlar tərəfindən aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması və bu fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi məqsədilə dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsində təşkil olunan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova çıxış edərək təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib. XX əsrin faciəsi olan Xocalı soyqırımını aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer almasını qeyd edən Komitə sədri bildirib ki, bu qanlı aksiya özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə buraxmışdı. “Yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktı törədildiyini əyani surətdə sübut edir. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.”

Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən Hicran Hüseynova Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb. Qısa müddət ərzində Xocalı genosidinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi qəbul edildiyini qeyd edən Komitə sədri bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar  atılır. O, bu təbliğat işlərinin aparılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işləri olduğunu diqqətə çatdırıb. “Xocalı soyqırımı, Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri, soyqırımla bağlı həqiqətlərin geniş miqyasda təbliğ edilməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, bu hadisələrin hamının yaddaşında həkk edilməsi  istiqamətində “Xocalıya Ədalət” kampaniyasının rolu danılmazdır.”

Hicran Hüseynova daha sonra tədbirdə iştirak edən uşaqlara üz tutaraq, onların bu gün burada iştirak etmələrinin heç də təsadüf olmadığını bildirib və əlavə edib ki, Azərbaycan gələcəyinin inkişafı, erməni işğalçılarının mənfur əməllərinin beynəlxalq müstəvidə tanınması həm də uşaqların əlindədir.

Daha sonra söz çıxış etmək üçün “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərova verilib. Bildirilib ki, artıq bir sıra dövlətlərin parlamentlərinın Xocalı faciəsini rəsmi şəkildə soyqırımı kimi tanımasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənilməsinə nail olunub. Niderland, Almaniya, Türkiyə, Meksika, Bosniya və Hersoqovinada soyqırımı qurbanlarının xatirəsinə memorial kompleks və abidələr ucaldılıb. O, kampaniyanın Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, soyqırım haqqında hazırlanan müxtəlif təbliğat və maarifləndirmə vasitələri (nəşr, internet səhifəsi, sosial media və digər) barədə məlumatları diqqətə çatdırıb.

Tədbirdə  “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi  tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Tədbirin  sonunda məktəblilərin də iştirakı ilə yekun müzakirələr aparılıb. Şagirdlərin təklif və fikirləri dinlənilib, sualları cavablandırılıb.