İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin açılış mərasimindən sonra görüş keçirilib

1 noyabr 2021

Paylaş:

1 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) yeni binasının açılış mərasimi keçirilib.

Dövlət Komitəsin sədri Bahar Muradova cənab Prezidenti və birinci xanımı mərkəzlə tanış edərək, fəaliyyət istiqamətləri və vətəndaşlara göstərilən xidmətlər barədə onlara ətraflı məlumat verib.

Rəsmi açılış mərasimindən sonra Dövlət Komitəsinin sədri mərkəzin kollektivi ilə görüşərək, əməkdaşları mərkəzin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkə başçısının və birinci xanımın mərkəzə səfərinin Komitə üçün çox əlamətdar hadisə olduğunu vurğulayıb.

O, Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinin, o cümlədən İsmayıllı UADM-in fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb, mərkəzlər tərəfindən vətəndaşlarla aparılan icma əsaslı sosial-psixoloji işləri müsbət qiymətləndirərək, yaradılan şəraitdən səmərəli şəkildə istifadə etmək, eləcə də gələcək fəaliyyətlə bağlı tövsiyələrini verib.

Görüş zamanı UADM-in rəhbəri və əməkdaşları İsmayıllıda belə bir mərkəzin açılmasına və yaradılan iş şəraitinə görə ölkə prezidentinə minnətdarlıqlarını ifadə edərək, gələcək fəaliyyətlərinin bundan sonra da səmərəli və uğurlu olacağını qeyd ediblər.

Görüş mərkəzin fəaliyyət istiqamətləri üzrə qarşılıqlı müzakirələrin aparılması və təkliflərin dinlənilməsi ilə davam edib.