Tvinninq layihəsinin ekspertləri Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər

13 oktyabr 2021

Paylaş:

13 oktyabr 2021-ci il tarixində “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin ekspertləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər ediblər.
Tvinninq layihəsinin Litvadan olan Layihə rəhbəri və Litvanın Əmək və Sosial Təminat Nazirliyinin əməkdaşı Audra Mikalauskaite, Avstriyadan olan layihə rəhbəri, Avstriyanın Lüdviq Boltzman adına Fundamental İnsan Haqları İnstitutunun elmi işçisi Sabine Mandl, həmin İnstitutun digər elmi işçisi Susanne Belihardtın və müstəqil ekspert Tomas Hainlenin daxil olduğu nümayəndə heyəti mərkəz tərəfindən göstərilən müxtəlif xidmətlərlə tanış olub və onlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumatlar verilib.
Daha sonra beynəlxalq ekspertlərin, UADM və Qadın Resurs Mərkəzinin rəhbərlərinin və sosial işçilərin iştirakı ilə təşkil olunan dəyirmi masada məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində müzakirələr edilib və ikitərəfli təcrübələr bölüşülüb.