BMT-nin Dayanıqlı İnkişaf üzrə yüksək səviyyəli forumu keçirilib

15 iyul 2021

Paylaş:

15 iyul 2021-ci il tarixində BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women​) tərəfindən Davamlı İnkişafa dair yüksək səviyyəli forum çərçivəsində Könüllü Milli İcmal “Bərabərliyə aparan yol: gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi ilə bağlı yeni ölçü çərçivəsi” mövzusunda sessiya keçirilib.

Forumda Azərbaycanı təmsil edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva əvvəlcə iştirakçıları salamlayaraq, forumun işinə uğurlar arzulayıb. O, torpaqları 30 illik işğal altında olan və 44 günlük müharibədən çıxmış ölkənin qadını kimi çıxış etdiyini bildirərək qeyd edib ki, bir qrup qadınlar üçün 30 illik işğal və 44 günlük müharibə hər şeyin yenidən başlanma nöqtəsidir.

O, çıxışında Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadınların cəmiyyətdə bərabər hüquqlu iştirakının təmin edilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.  

Azərbaycanda qadınlara bütün sahələrdə fəaliyyət göstərmək üçün geniş imkanların yaradıldığını, həmçinin bu istiqamətdə güclü qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdıran aparat rəhbəri qəbul olunan dövlət və milli fəaliyyət proqramlarında, digər vacib sənədlərdə gender komponentinin öz əksini tapdığını və bunun nəticəsi olaraq bütün sahələrdə qadınların fəallığının artdığını qeyd edib.

Komitə rəsmisi Azərbaycan  hökumətinin gender bərabərliyinə nail olmaq, bütün qadın və qızların səlahiyyətləndirilməsi üzrə DİM-in 5-ci məqsədinə çatmaq istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb. C. Rəhmətullayeva əlavə edib ki, Azərbaycanda qadınların cəmiyyətin ictimai-siyasi həyatında daha yaxından iştirakı və fəallığı daim artmaqdadır.

O, çıxışında xüsusilə 44 günlük Vətən müharibəsi dövründə erməni terroru nəticəsində 12 uşağın və 27 qadının qətlə yetirildiyini, eyni zamanda bir çox qadınların yaşayış evlərini və  iş yerlərini itirdiklərini vurğulayıb. Komitənin aparat rəhbəri buna baxmayaraq, “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2020-2024-cü illər üçün” Milli Fəaliyyət Planı, “Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Azərbaycan Respublikasında Tətbiqinə dair 2020-2023-cü illər üçün” Milli Fəaliyyət Planı və “Azərbaycan Respublikasında Qadın məşğulluğunun təminatı ilə bağlı 2021-2023-cü illər üçün” Milli Fəaliyyət Planının layihəsi üzrərində iş aparıldığını qeyd edib.

O bildirib ki, COVİD-19 pandemiyası dövründə Azərbaycanda ailələrə yardım məqsədilə çoxsaylı layihələr və proqramlar icra olunur və bu gün də davam etməkdədir.

Komitənin aparat rəhbəri çıxışının sonunda Azərbaycanda gender bərabərliyi siyasəti, insanlar üçün bütün imkanların yaradılması və ağıllı sərmayənin qoyuluşunun uğurlu gender bərabərliyi prinsiplərinə əsaslandığını vurğulayıb.