“Bərabər hüquqlarımız” layihəsi çərçivəsində məişət zorakılığı mövzusu müzakirə edilib

19 may 2021

Paylaş:

 

19 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qazax Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bərabər hüquqlarımız” adlı layihə çərçivəsində “Məişət zorakılığı” mövzusuna həsr edilmiş növbəti onlayn təlim keçirilib.

Dövlət Komitəsinin əməkdaşı Hafiz Namazov və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qazax Nümayəndəliyinin rəhbəri İsmayıl Süleymanovun moderatorluğu ilə keçirilən təlimdə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qərb bölgəsi üzrə nümayəndəliklərinin (Qazax, Ağstafa, Tovuz, Daşkəsən) əməkdaşları və üzvləri, könüllülər, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri iştirak edib.

Tədbirin spikeri qismində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxış edərək, məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində mühüm prioritetlərdən biri olduğunu qeyd edib. O, ölkəmizdə insan hüquqlarının müdafiəsi çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm qərarların qəbul olunduğunu diqqətə çatdırıb.

Təlimin sonunda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.