“Ailə Könüllüləri” layihəsi çərçivəsində onlayn görüş baş tutmuşdur

21 avqust 2020

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailə Könüllüləri” layihəsi uğurla davam etdirilir. Ailələrdən ibarət geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək verən layihə ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmış və artıq start verildiyi tarixdən bu günədək layihəyə  44 ailə qoşulmuşdur.

Ailə könüllülərinin iştirakı ilə ilk onlayn görüş “Zoom” proqramı vasitəsilə 21 avqust 2020-ci il tarixdə baş tutmuşdur. Görüşdə 21 rayondan 22 ailə olmaqla Bakı şəhərinin Nərimanov, Nizami, Nəsimi, Qaradağ, Suraxanı rayonlarından, Sumqayıt, Gəncə, Yevlax şəhərlərindən, həmçinin Biləsuvar, Xaçmaz, Qusar, Qazax, Kürdəmir, Lerik, Sabirabad, Salyan, Şamaxı, Zərdab, Tərtər, Ucar, Hacıqabul rayonlarından olan ailələr iştirak etmişdir.

Görüşü giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ailələri salamlayaraq “Ailə Könüllüləri” layihəsinin milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, müsbət həyat hekayələrinin yayılması, ailələrin asudə vaxtının səmərəli təşkilinə töhfə olduğunu qeyd etmişdir. Layihə çərçivəsində risk qrupundan olan ailələrə, yaşlı nəslin nümayəndələrinə, həmçinin gənclərə yönəlik fəaliyyətə həssaslıqla yanaşılmasının vacibliyini vurğulayan A.Sofiyeva bu istiqamətdə işin koordinasiyalı şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. A.Sofiyeva ölkəmizdə könüllülük fəaliyyətinin təbliği və təşviqi istiqamətində əhəmiyyətli addımların atıldığını, normativ hüquqi bazanın təkmilləşdirildiyini və bu istiqamətdə dövlət dəstəyi mexanizmlərinin mövcudluğunu iştirakçı ailələrin diqqətinə çatdırmışdır. Azərbaycanın müxtəlif regionlarından olan ailələrin layihəyə yüksək həvəslə qoşulduğunu diqqətə çatdıran A.Sofiyeva iştirak edən könüllü ailələrin və onların pandemiya dövründə gördüyü işlərin Komitə tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Layihəyə qoşulan ailələr pandemiya dövründəki fəaliyyətlərinin bundan sonrakı dövr ərzində də davamlı olacağını qeyd etmiş, xalqımızın xeyirxahlıq, humanizm, yardımlaşma kimi prinsiplərə sadiqliyini bir daha nümayiş etdirmişlər.  

Görüşdə iştirak edən könüllü ailələrin layihə ilə əlaqədar təklifləri dinlənilmiş, gələcək fəaliyyətin yeni istiqamətləri müəyyən edilmişdir.  

Ailələrin iştirakı ilə görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.