Komitədə ilin yekunlarına dair kollegiya iclası keçirilib

19 dekabr 2019

Paylaş:

Dekabrın 19-da  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu ilin yekunlarına dair kollegiya iclası keçirilib.

Başda Komitə sədri Hicran Hüseynova il ərzində ailə, qadın və uşaq məsələləri istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər barədə geniş təqdimatla çıxış edib. Ölkədə aparılan islahatlardan danışarkən sədr qeyd edib ki, Prezident İlham Əliyevin   başçılığı ilə aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlib. Ölkənin daxilində baş verən siyasi proseslərin, sosial və idarəetmə sahəsində aparılan islahatların həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da güclənməsinə müsbət təsirini xüsusilə vurğulayıb. O, qeyd edib ki, Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanı 10 ən islahatçı ölkə kimi tanıması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur.

Ailədaxili münasibətlərə toxunan sədr ailələrdə cütlüklər arasında yaranan problemlərin səbəbləri kimi sosial və mənəvi məsuliyyətin olmaması, zərərli vərdişlər,  ərzaq təhlükəsizliyi, erkən nikahları misal çəkib. Buna görə də Komitə rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində,  hərbi hissələrdə  ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsllə gənc nəslin dialoqunu təşkil edir. Ailə dəyərlərinin təbliği üçün “Ailə Akademiyası”, “Ailəlikcə kitabxanaya”  “Ailə bayramı” layihələri və “Azərbaycan ailəsi” film festivalı keçirilir.

H. Hüseynova qeyd etdi ki, Gələcəyə Baxış İnkişaf Konsepsiyası  və  BMT-nin  Dayanıqlı İnkişaf Məqsədlərinə  əsaslanaraq, gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi sahəsinə xüsusi diqqət yetirilir.

Nitqinin davamında sədr Komitənin il ərzində fəaliyyətindən, həyata keçirilən mühüm tədbirləri, beynəlxalq səfərləri və Komitə əməkdaşlarının əldə etdikləri nailiyyətləri və uğurlu təmsilçiliklərini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq problemləri sahəsində həyata keçirilən tədbirlərdən danışıb. O,  bildirib ki, Muxtar respublikada ailələrin rifah halının yüksəldilməsi üçün yeni iş yerləri açılır, ünvanlı dövlət sosial yardımı təyin edilir, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür, müavinətlər verilir. Qadınların ictimai fəallığının artırılması, onların öz hüquqları barədə məlumatlandırılması, özünəməşğulluqlarının təmin edilıməsi, eləcə də ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülür, məişət və sosial sahələrdəki problemlər aradan qaldırılır.

R. Seyidova qeyd edib ki, Muxtar Respublikada 2019-cu il “Ailə təsərrüfarları ili” elan olunub. “Bu əhali tərəfindən ailə təsərrüfatlarına olan marağı artırmış, nəticədə yeni ailə təsərrüfatları yaradılır ki, bu da qadınların dayanıqlı məşğulluqla təmin olunmasına şərait yaradır. Beləcə qadınların digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etməsinə səbəb olur”

Tədbirin davamında Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Komitənin illik hesabatı və müavin Aynur Sofiyeva 2020-ci ilin birinci yarısı üçün İş Planı haqqında məlumat verib.

Bundan sonra Komitənin kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakını, uşaqların liderlik keyfiyyətlərinin, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının təşkilini inkişaf etdirmək sahəsində həyata keçirilən tədbirlərdən və layihələrdən danışılıb. Yaradılan Resurs mərkəzlərinin fəaliyyətindən, əldə etdiyi uğurlardan danışılıb. Bunlarla yanaşı Beynəlxalq Təşkilatlarla birgə iş sahəsində imzalanan memorandumlar və hazırlanmış hüquqi sənədlər barədə müzakirələr aparılmışdır.

İclasın sonunda Kollegiyanın gündəliyində olan məsələlər və İş Planı ilə bağlı qərarlar qəbul edilib.

http://www.scfwca.gov.az/page/illik-hesabatlar