“Dayanıqlı İnkişaf Məqsədləri Gənclər üçün” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib

20 iyun 2019

Paylaş:

19 iyun 2019-cu il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi ilə Yeni Azərbaycan Partiyası və Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının “Dayanıqlı İnkişaf Məqsədləri Gənclər üçün” adlı birgə layihəsi çərçivəsində növbəti konfrans təşkil olunub.

Tədbirdə millət vəkilləri, ziyalılar, bir sıra təşkilatların nümayəndələri, həmçinin gənclər  iştirak edib.

Tədbir Dayanıqlı İnkişaf Məqsədləri üzrə panel müzakirələrlə başlayıb. Məqsəd 3: Bütün yaşlarda hamı üçün sağlam yaşayışı təmin etmək və rifahı təşviq etmək, məqsəd 5: Gender bərabərliyinə nail olmaq və bütün qadınların və qızların səlahiyyətlərini genişləndirmək, məqsəd 9: Möhkəm infrastruktur qurmaq, inklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və innovasiyaları həvəsləndirmək mövzuları üzrə bir sıra çıxışlar səsləndirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 5-ci məqsəd üzrə çıxış edərək bildirib ki,  insanın inkişafı bütövlükdə, qadın və kişilərin bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində hədəflər müəyyən edilib. Baxmayaraq ki, gender bərabərliyi ayrıca bir məqsəd kimi göstərilib, lakin digər məqsədlərdə də gender komponenti var. Çox sevindirici haldır ki, BMT- nin MAPS Missiyasının qiymətləndirməsinə əsasən ölkəmizin gender üzrə DİM-lərlə uyğunluq göstəricisi 100%-dir. Amma bu bizi rahatlaşdırmır, çünki hələ qarşımızda görüləsi işlər çoxdur.

Sədr müavini qeyd edib ki, hazırda bütün sahələrdə qadınların və qızların hüquqlarının bərabər səviyyədə qorunması, inkluziv, ədalətli keyfiyyətli institutların yaranması üçün geniş imkanlar yaranmışdır. Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə çox ciddi sosial islahatlar aparılır. Və bunun nəticəsində əhalinin rifah halının yaxşılaşdırılması, keyfiyyətli xidmətlə təmin edilməsi sahəsində bir sıra uğurlara imza atılır.

Tədbir Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər barədə müzakirələrlə davam edib.