Bakı şəhəri Binəqədi rayonunda məcburi köçkünlər üçün təlim keçirildi

22 may 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 21 may 2019-cu il tarixində Bakı şəhəri Binəqədi rayonunda Gənclər Evində təlim keçirib.

 Təlimi Komitənin Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova və layihə koordinatoru Lyüdmila Xəlilova aparıb.

 Təlimdə Ağdam, Şuşa, Qubadlı və Füzuli rayonlarından olan 30 nəfərə yaxın məcburi köçkün qadınlar və kişilər iştirak edib.  İştirakçılara 10 oktyabr 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, müdafiə mexanizmləri, mühafizə orderi, qadın hüquqları, gender bərabərliyi, nikah müqaviləsi, erkən nikahlar haqqında ətraflı məlumatlar verilib. Komitə ilə UNHCR–ın birgə çap etdiyi “Məişət zorakılığının qarşısını alaq” adlı kitabça, Komitənin nəşri olan “Əlilliyi olan qadınlar üçün sağlamlıq haqqında stolüstü kitab” iştirakçılara paylanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.