Ucar rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə tədbir keçirildi

3 may 2019

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin  2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.5.2.1.-ci bəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilmişdir.

Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır.

Qruplarda “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli, 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr, 537 nömrəli Fərmanında göstərilən səlahiyyətli dövlət orqanları təmsil olunurlar.

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin  effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 5 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir. 2018-ci ildən etibarən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq qruplarına təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 03 may 2019-cu il tarixdə Ucar rayon İcra Hakimiyyətində keçirilən təlimdə monitorinq qrupunun sədri və üzvləri iştirak etmişdirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat vermiş, təlim proqramı üzrə məişət zorakılığına qarşı mübarizə sahəsində təqdimatla çıxış etmişdir. Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova təlim zamanı məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı təqdimatla çıxış edib.

Monitorinq qrupunun üzvləri bu məsələlərlə bağlı geniş müzakirələr apararaq gələcəkə bu sahədə daha səmərəli fəaliyyət göstərəcəklərini qeyd ediblər.