“Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək” mövzusunda 3 günlük təlim kursu keçirilir

16 aprel 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) həyata keçirdiyi Yerli və Regional İnkişafa Dəstək Layihəsi çərçivəsində “Qadın sahibkarlığını təşviq edən təşkilatların institusional bacarıqlarının artırılmasına dəstək” mövzusunda 16-18 aprel 2019-cu il tarixlərində 3 günlük təlim kursu keçirilir.

Təlimin keçirilməsində məqsəd qadın sahibkarların fəaliyyət təmsilçiliyini artırmaq, qadınlar arasında biznes birliyinin formalaşmasında və idarə olunmasında müvafiq institutlara köməklik göstərmək, yeni və mövcud təşkilatların, birliklərin üzvlərinə daha yaxşı xidmət göstərmələri üçün inzibati, təşkilati, texniki və maliyyə imkanları yaratmaq, qadın sahibkarlıq təşkilatlarının əlaqələrini regional və beynəlxalq səviyyədə təşviq etməkdir.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu gün qadınlar üçün yaradılan geniş imkanları qeyd edərək bildirib ki, sahibkar olmaq istəyən, öz bizneslərini yaratmaq istəyən qadınların biznes planlaşdırılması, iqtisadi sahədə məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramı ilə birgə hazırda “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsini uğurla davam etdirir. Qadın Resurs Mərkəzlərimizdə  gənc, xüsusilə həssas qrupa daxil olan qadınların cəmiyyətə inteqrasiyası, müxtəlif  peşələrə  yiyələnməsi  üçün təlimlər təşkil olunur”.

Təlimlər Almaniyada yerləşən Ahrens agentliyinin rəhbəri Elke Ahrens tərəfindən aparılır.