15 may “Beynəlxalq Ailə günü”nə həsr edilmiş silsilə tədbirlərə start verilir

1 may 2018

Paylaş:

Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də, ailə siyasətidir. Mütəmadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir.

          Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədi ilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

          Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir hissəsi kimi 2008-ci ildən etibarən Dövlət Komitəsi tərəfindən 15 may “Beynəlxalq Ailə günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibəti ilə silsilə tədbirlər və yekun olaraq “Ailə Bayramı” təntənə ilə qeyd edilir. Qeyd etmək istərdik ki, “Ailə Bayramı” Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki, Abşeron və Şəmkir rayonlarında keçirilib.

          Hər il olduğu kimi bu il də, silsilə tədbirlər ərəfəsində Respublikamızın bütün bölgələrində icra hakimiyyətləri və Komitə tərəfindən müxtəlif tədbirlərin və yekunda 12 may 2018-ci il tarixində Quba rayonunda növbəti “Ailə Bayramı”nın keçirilməsi nəzərdə tutulub.