Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın UNİSEF-in uşaq hüquqları üzrə regional məsləhətçisi cənab Aaron Greenberg və UNİSEF-in sosial siyasət üzrə regional məsləhətçisi xanım Joanna Bosworth ilə görüşü baş tutdu

28 fevral 2018

Paylaş:

UNİSEF tərəfindən ölkəmizdə həyata keçirilən Azərbaycana dair 2016-2020-ci illər üzrə ölkə Proqramının Azərbaycan Respublikasının Hökuməti və digər tərəfdaşlarla ( uşaq və gənclər təşkilatları, gənclər qrupları və s.) birlikdə aralıq qiymətləndirilməsinin aparılması nəzərdə tutulmuşdur. Bu məqsədlə, 28 fevral 2018-ci il tarixində saat 12:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın UNİSEF-in uşaq hüquqları üzrə regional məsləhətçisi cənab Aaron Greenberg və UNİSEF-in sosial siyasət üzrə regional məsləhətçisi xanım Joanna Bosworth ilə görüşü baş tutdu.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova görüşə gələn qonaqları yüksək səviyyədə qarşılayaraq qeyd edib ki, Azərbaycan UNİSEF ilə uğurlu siyasət apararaq bir sıra yüksək səviyyəli layihələrə imza atmışdır.

Görüş zamanı UNİSEF-in uşaq hüquqları üzrə regional məsləhətçisi cənab Aaron Greenberg qeyd edib ki, bu il Uşaq Hüquqları Konvensiyası çərçivəsində Azərbaycan höküməti tərəfindən hazırlanan hesabata UNİSEF öz töhfəsini verməyə hazırdır. Həmçinin görüşdə uşaqlara və qadınlara qarşı zorakılıq hallarının qarşısının alınmasına dair danışıqlar baş tutmuşdur. Cənab Aaron Greenberg bildirmişdir ki, regional səviyyədə uşaqlara və qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və zorakılıq qurbanlarının mühafizəsi sahəsi üzrə tədbirlərin aparılması UNİSEF üçün prioritet sahədir və UNİSEF bu problemin qarşısının alınması üçün Azərbaycan ilə birlikdə tədbirlər görməyə hazırdır.

UNİSEF-in sosial siyasət üzrə regional məsləhətçisi xanım Joanna Bosworth görüş zamanı bir sıra mühüm məsələləri müzakirə edib. Xanım Joanna Bosworth bəyan edib ki, Azərbaycan məişət zorakılığının qarşısının alınması sahəsində mühüm tədbirlər görür və bu sahədə regional və qlobal sahələrə öz töhfələrini verə bilər.

Görüş zamanı müzakirə olunan məsələlər sırasına sosial işçilər şəbəkəsinin yaradılması, peşəkar sosial işçilərin hazırlanması daxil edilib Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, növbəti illərdə həyata keçiriləcək layihələrdə effektivliyin daha da artırılması məsələləri müzakirə edilib.