“Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir

26 fevral 2018

Paylaş:

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi fevralın 22-də “Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirmişdir.

Rayon 4 saylı orta məktəbdə baş tutan tədbirdə şagirdlər, Rayon İcra Hakimiyyətindən, Polis İdarəsindən, ictimaiyyətdən nümayəndələr iştirak etmişdir. İştirakçılara mövzuya aid film nümayiş etdirilmiş, mövzu haqqında çıxış edilmişdir. Çıxışda bildirilmişdir ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. 

Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.

Tədbirə dəvət olunmuş qonaqlar da çıxış edərək, erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığı bildirilmişdir. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilmişdir.

Tədbirin sonunda mövzu ətrafında suallar cavablandırılmışdır, maarifləndirmə bukletləri  paylanmışdır.