Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
2. «Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturu» təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparatının işçilərinin say həddi 76 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 9 avqust 2006-cı il
№ 444
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 avqust 2006-cı il, № 177)
(«LegalActs» LLC).«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2006-cı il, № 8, maddə 670) («LegalActs» LLC).
19 mart 2007-ci il tarixli, 554 nömrəli; 16 may 2007-ci il tarixli, 573 nömrəli; 16 avqust 2007-ci il tarixli, 620 nömrəli; 8 noyabr 2007-ci il tarixli, 646 nömrəli; 23 noyabr 2007-ci il tarixli, 657 nömrəli; 27 may 2008-ci il tarixli, 762 nömrəli; 11 noyabr 2008-ci il tarixli, 14 nömrəli; 21 dekabr 2009-cu il tarixli, 195 nömrəli; 10 fevral 2010-cu il tarixli, 219 nömrəli; 8 may 2012-ci il tarixli, 627 nömrəli; 4 sentyabr 2012-ci il tarixli, 705 nömrəli; 23 oktyabr 2013-cü il tarixli, 9 nömrəli; 20 noyabr 2013-cü il tarixli, 27 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə ( «LegalActs» LLC).
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 9 avqust tarixli,
444 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra—Komitə) ailə, qadın və uşaq problemləri ilə iş sahəsində (bundan sonra—müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Komitə Bakı şəhərində yerləşir.
II. Komitənin fəaliyyət istiqamətləri
7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. müvafiq sahənin inkişafını təmin edir;
7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Komitənin vəzifələri
8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
8.1-1. uşaq hüquqlarını müdafiə etmək;
8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;
8.3. müvafiq sahə üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək;
8.4. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.5. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
8.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.7. dövlətin ailə siyasətini həyata keçirmək;
8.8. qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq;
8.8-1. öz səlahiyyətləri daxilində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən etmək, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək;
8.9. müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini təmin etmək;
8.10. məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində dövlət siyasətinə uyğun olaraq, qadınların müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədi ilə layihələr hazırlamaq və əlaqədar təşkilatlarla birgə tədbirlərin görülməsini təmin etmək;
8.11. ailə başçısını itirmiş şəhid ailələrinin, tək anaların, xüsusilə əlil qadınların və sağlamlıq imkanları məhdud uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədi ilə müvafiq vəsatətlər qaldırmaq;
8.12. gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirmək;
8.12-1. Komitənin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək;
8.12-2. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair aidiyyəti dövlət orqanlarının illik hesabatları əsasında, həmin vəziyyətə dair ölkə üzrə illik hesabat hazırlamaq;
8.12-3. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;
8.13. valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu, habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmaq;
8.14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməklə, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq vermək, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirmək;
8.14-1. ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etmək;
8.15. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
8.16. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə müasir elmi nailiyyətləri tətbiq etmək, habelə elmi tədqiqat işlərinin aparılması və tətbiqini təmin etmək;
8.17. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.18. qanunvericiliyə uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;
8.19. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
8.20. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.21. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.22. Komitənin əməkdaşlarının sosial müdafiəsi, əmək və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirmək;
8.23. mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
8.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Komitənin hüquqları
9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;
9.2. öz səlahiyyətləri daxilində müvafiq sahə üzrə vahid informasiya sistemini yaratmaq;
9.3. gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparmaq;
9.4. minilliyin inkişaf istiqamətləri sahəsində, yoxsulluğun azaldılması, məşğulluq strategiyası üzrə dövlət proqramlarının həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək;
9.5. sağlam ana, sağlam uşaq prinsiplərini həyata keçirmək, uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi biliklərin öyrənilməsini təmin etmək;
9.6. dövlət qadın siyasətinin həyata keçirilməsi, uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının və qanuni mənafelərinin qorunması, sosial müdafiəsi istiqamətində normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrin strukturuna daxil olan bölmələr tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, aidiyyəti dövlət orqanlarından həmin istiqamətdə olan vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatlar almaq;
9.7. istehsalatda işləyən qadınların hüquqlarının qorunması üçün öz səlahiyyətləri daxilində müvafiq orqanlarla birlikdə tədbirlər görmək, zərurət yarandıqda, onların hüquqlarını pozan vəzifəli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;
9.8. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyən etmək;
9.9. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.10. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.11. müvafiq sahəyə dair dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.12. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.13. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
9.14. müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması, o cümlədən Komitənin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görmək;
9.15. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.16. müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirləri təşkil etmək;
9.17. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.18. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;
9.19. müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər vermək;
9.20. müvafiq sahəni işıqlandıran televiziya və radio verilişlərinin layihələrini hazırlayıb həyata keçirmək;
9.21. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;
9.22. Komitənin xüsusi fərqlənmiş işçilərini müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının fəxri adlarına və dövlət mükafatlarına təqdim etmək;
9.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Komitənin fəaliyyətinin təşkili
10. Komitənin aparatı, tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.)və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini aparatı, tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vasitəsilə həyata keçirir.
11. Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.
Komitə sədrinin müavini ona sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
14. Komitənin sədri:
14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Komitənin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;
14.3. müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. Komitənin aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.5. qanunvericiliyə uyğun olaraq, icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. Komitəni təmsil edir.
15. Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrindən və Komitənin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
18. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarları qəbul edilərkən, səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
19. Kollegiyanın qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.
20. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Komitənin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
22. Müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-metodik şura yaradılır. Elmi-metodik şura haqqında əsasnamə Komitənin sədri tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Prezidentinin
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturu
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatı (şöbələr və sektorlar).
© LegalActs LLC