Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin başçısı ilə görüşüb

5 октября 2017

Поделиться:

5 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin başçısı Elena Aymone Sessera ilə görüşü keçirilib.

Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin Müdafiə İşləri üzrə koordinatoru Byorn Oliver Ram, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Seyidova iştirak edib.

Komitə sədri Hicran Hüseynova qonaqları salamlayaraq, onlara Komitənin fəaliyyəti, girov və ya əsir götürülmüş qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsini vurğulayıb. Hicran Hüseynova cəbhə bölgəsində və təmas xəttində baş verən hadisələr, həmin ərazilərdə məskunlaşan azərbaycanlıların, o cümlədən uşaqların və qadınların öldürülməsi və ağır yaralanmasını diqqətə çatdırıb və Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan əhalisinin atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olmasını qeyd edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Elena Aymone Sessera BQXK-nın fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər barədə məlumat verib. Görüş birgə əməkdaşlıq çərçivəsində görüləcək işlər barədə müzakirələrlə davam edib.

Qonaq sonda Komitə sədrinə səmimi qəbula və ətraflı fikir mübadiləsinə görə təşəkkürünü bildirib.