Tovuz və Gəncədə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarının seçimi aparılıb

11 марта 2017

Поделиться:

Bu il Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçiriləcək. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin bütün şəhər və rayonlarından forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə regional görüşlər davam edir.

Növbəti belə görüş 11 mart 2017-ci il tarixində Tovuz rayonu və Gəncə şəhərində keçirilib.

Tədbirlərdə Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Gəncə, Kəlbəcər, Goranboy, Xocalı, Göygöl və Samuxdan olan uşaqlarla fərdi şəkildə müsahibələr aparılıb. Hər bir rayon və şəhərdən fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edən iki uşaq, ümumilikdə, 24 uşaq forumda iştirak etmək hüququ qazanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova çıxış edərək bildirib ki, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir. Ölkəmizin digər bölgələrində də bu cür istedadlı uşaqların seçilməsi məqsədi daşıyan görüşlər mart-aprel aylarında davam etdiriləcək.

Tovuz və Gəncədə “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsi də keçirilib. Bu mərhələdə Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Gəncə, Kəlbəcər, Goranboy, Xocalı, Göygöl və Samux rayon və şəhərlərini təmsil edən komandaların tərkibinə daxil olan ümumilikdə 60 şagird mübarizə aparıb. Yarışda fərqlənən Ağstafa və Goranboy komandaları finala vəsiqə qazanıb. Final yarışları aprel ayında Bakıda keçiriləcək.

Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.