Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri “Gənc qızların Yay Liderlik məktəbi” layihəsinin iştirakçıları ilə görüşüb

12 сентября 2017

Поделиться:

Sentyabrın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Gəncədə keçirilən “Gənc qızların Yay Liderlik məktəbi” adlı layihənin iştirakçıları ilə görüşüb.

Layihənin meneceri Məleykə Əlizadə tələbələr ilə görüşü qəbul etdiyi üçün Dövlət Komitəsinin sədrinə təşəkkürünü ifadə edib. Daha sonra layihə haqqında geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Gəncə-Qazax zonasında gənc qızların müəyyən ixtisaslar üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə iştirakçılığının artırılmasına ictimai vəkillik etməkdir. O bildirib ki, layihədə əsas hədəf qrupları tələbə qızlardır. Layihə meneceri qeyd edib ki, Gəncədə yerləşən 4 universitetdən və bir kollecdən seçilən tələbə qızlarla 2 ay müddətində müxtəlif mövzularda 9 təlim keçirilib. Təlimlər “Şəxsi imkanların gücləndirilməsi”, “Liderlik və özünəgüvən”, “Lider vətəndaş olmaq”, “Məişət zorakılığı, erkən nikahlar”, “Azərbaycanda gender bərabərliyi üzrə qanunvericilik”, “Yaradıcılıq və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi”, “Uğurlu biznesin qurulması”, “İctimaiyyətlə əlaqələrin qurulması”, “İctimai vəkillik” mövzularını əhatə edib.

Məleykə Əlizadə diqqətə çatdırıb ki, layihə çərçivəsində rəhbər vəzifələrdə çalışan qadınlarla tələbə qızların görüşləri təşkil olunur. Növbəti görüş də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində reallaşıb. Görüşün keçirilməsində məqsəd gənc qızların liderlik keyfiyyətlərinin artırılması, onların sahibkarlıq, eləcə də ənənəvi və qeyri-ənənəvi sahələrdə təmsil olunması, təhsildən yayınma, zorakılıq, erkən nikah hallarının qarşısının alınması, gender bərabərliyinin təmin olunması istiqamətində müzakirələrin aparılması, təklif və məsləhətlərin dinlənilməsidir.  

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihə iştirakçılarının fəallığını qiymətləndirib və bunun davam etməsinin faydalı olacağını bildirib. O, Azərbaycan qadınlarının cəmiyyət həyatında oynadığı rol, müstəqilliyimizi əldə etdiyimizdən sonra ötən müddət ərzində əldə olunan nailiyyətlər haqqında danışıb. Komitə sədri bildirib ki, paytaxtda və regionlarda qızların fəallığının dəstəklənməsi, onların müxtəlif sahələrə, xüsusən də sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində mühüm işlər görülür.

Komitə sədri qeyd edib ki, dövlət qadın siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində bu gün qadınlarımız hər bir sahədə layiqli şəkildə təmsil olunur.

Hicran Hüseynova məişət zorakılığı, erkən nikah, uşaqların təhsildən yayınması və digər problemlərə də toxunaraq bildirib ki, Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə bu kimi məsələlərlə bağlı vətəndaşlar müraciətlərini bildirir, Komitənin səlahiyyətinə daxil olan məsələlələr üzrə tədbirlər görülür, eləcə də, regionlarda vətəndaşların qəbulu mütəmadi keçirilir.

Görüş tələbələrin ünvanladığı sualların cavablandırılması və təkliflərin dinlənilməsi ilə davam edib.