Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmasin ilə görüş keçirildi

17 июля 2017

Поделиться:

17 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan  Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmasin və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitənin sədri Azərbaycanla Avstriya arasında yaxşı əlaqələrin olduğunu xatırladaraq, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruri istiqamətlər və qarşılıqlı faydalı əsaslar üzərində iş birliyinin yaradılmasının vacibliyini nəzərə çatdırıb. Daha sonra qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən xanım Hicran Hüseynova  ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bildirib.  Yaşadıqları stress, fiziki və  psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Qaçqın və məcburi  köçkünlərin, eyni zamanda, atəşkəs dövründə  ziyan dəymiş evlərin inşası, sosial obyektlərin təmiri ilə sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan Hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınmış, məktəblər, uşaq bağçaları, tibb məntəqələri,  mədəniyyət mərkəzləri tikilmiş, müasir tələblər əsasında infrastruktur yaradılmışdır. Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Onların problemləri daim ölkə rəhbərliyinin diqqətindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva  müvəqqəti məskunlaşmış  qaçqın və məcburi  köçkün ailələrinin mənzillə təmin edilməsinə xüsusi diqqət ayırır.  Komitə sədri  qeyd edib ki,  dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Baxmayaraq ki,atəşkəs rejimi davam edir, lakin bununla yanaşı, təmac xəttində, cəbhəboyu bölgələrdə yaşayan dinc əhali mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalırlar. Və bunun da ağır nəticələri olur,  qadınlar, uşaqlar, qocalar həlak olur, yaralanır. Elə bu yaxınlarda həmin təxribat nəticəsində 2 yaşına çatmaya balaca uşaq və onun nənəsi həlak olub, digər qadın isə yaralanıb.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi, qadın sahibkarlığının inkişafı  sahəsində vacib layihələr həyata keçirir və davam etdirir. Komitə sədri Hicran Hüseynova bu sahədə  birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını deyib.

Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmasin səmimi qəbula görə təşəkkür edərək, ölkəmizin inkişafı, onun sosial sahədə əldə etdiyi uğurları yüksək qiymətləndirib. Son zamanlar erməni silahlı qüvvələrinin törətdiyi təxribatı, qadın və uşaqların qətlni pisləyib. O, münaqişənin yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü vurğulayıb.  Xanım Sofi Karmasin əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri Hicran Hüseynova, Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmasin, Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya Federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, millət vəkili Rauf Əliyev və Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əsaslı təmirdən sonrakı açılış mərasimində iştirak ediblər.  Qonaqlara Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti, ailələrlə aparılan fərdi iş barədə ətraflı məlumat verilib, onlar Mərkəzdə fəaliyyət göstərən aktiv terapiya, autizimli uşaqlarla iş, psixoloq, loqoped xidmətləri,  əl işləri və inkişaf etdirici məşğələlər ilə əyani sürətdə tanış olublar, sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.