Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulması ilə bağlı hazırlanan Bəyannamənin səsləndirilməsi məqsədilə dəyirmi masa keçirilib

5 июля 2017

Поделиться:

20 ildən artıqdır ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində ermənilər dəfələrlə əliyalın, silahsız dinc əhaliyə hücum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər və bu gün də biz bu təxribatın acı nəticələrinin şahidiyik.  Xalqımız bu münaqişənin beynəlxalq çərçivədə sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulması ilə bağlı hazırlanan Bəyannamənin səsləndirilməsi məqsədilə 05 iyun 2017-ci il tarixində Hökumt Evinin Konfrans zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirdən əvvəl 4 iyul 2017-ci il tarixində Ermənistan işğalçı qüvvələri təxribatı nəticəsində həlak olmuş Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Komitə sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində  Quliyeva Sahibə İdris qızı və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Biz heç bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun- müharibədən əziyyət çəkməsinə qarşıyıq.  Lakin əfsuslar olsun ki, erməni xisləti öz mənfurluğundan əl çəkmir.  1994-cü ildə  atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olmuşdur. Onlardan on üçü həlak olmuş, on doqquzu isə yaralanmışdır. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına 2 yaşlı Quliyeva Zəhra da əlavə olundu.

Hicran Hüseynova qeyd edib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir.

Komitə sədri bu gün hər bir vətəndaşın, o cümlədən, Azərbaycan qadınlarının ölkə başçısının ədalətli mövqeyini dəstəklədiyini bildirərək əlvə edib ki, bu, dövlətlə xalqının, ordunun birlik və  bərabərliyinin təcəssümüdür, xalqımız bu münaqişənin beynəlxalq çərçivədə sülh yolu ilə həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir.

Hicran Hüseynova diqqətə çatdırıb ki, biz, beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik.

Komitə sədri çağırış edərək bidlriib ki, Komitənin nəzdində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları Zəhranın və nənəsinin dəfn mərasimində iştitrak ediblər, biz də hamımız bir fərd kimi öz dəstəyimizi göstərməli, şəhid ailələrini mütəmadi ziyarət etməliyik. 

Daha sonra 5 iyul 2017-ci il tarixində keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017-ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı dəyirmi masada qəbul edilmiş beynəlxalq təşkilatlara və xarici dövlətlərə Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər və İctimai Birliklər adından Bəyannamə səsləndirilib.

Qeyri-hökumət təşkilatlarının rəhbərləri də çıxışlar edərək, son vaxtlar ermənilər tərəfindən törədilən vandalizm hərəkətlərini tənqid ediblər və bu məsələnin beynəlxalq təşkilatların daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda bu məsələlərlə bağlı sosial şəbəkələrdə aktivlik nümayiş etdirilməsi, hazırlanan bəyannamənin müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə çatdırılması, müvafiq petisiyaya imzaların toplanması kimi təkliflər irəli sürülüb.