“Qələbəyə doğru” intellektual oyununun final mərhələsi keçiriləcək

25 апреля 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il ənənəvi olaraq mart-aprel ayları ərzində ölkə üzrə istedadlı uşaqlardan ibarət komandaların bilik yarışı – “Qələbəyə doğru” intellektual oyunu keçirilir.  Bu il 2 mart- 19 aprel tarixlərində Mingəçevir, Ağcabədi, Tovuz, Gəncə, Siyəzən, Lənkəran, Saatlı, Şamaxı, Zaqatala, Zəngilan, Bakı şəhərində keçirilən yarışmanın regional seçim mərhələlərində 76 şəhər və rayon komandalarından 12 komanda final mərhələsinə vəsiqə qazanmışdır. Regional yarışmalarda hər bir komandada intellektual səviyyəsi, dünyagörüşü yüksək olan 5 uşaq  öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. “Qələbəyə doğru” intellektual oyununun final mərhələsi 28 aprel 2017-ci il tarixdə saat 11:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yasamal rayonu İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçiriləcəkdir. Final mərhələsində Naftalan, Ağstafa, Goranboy, Xaçmaz, Lənkəran, Sabirabad, İsmayıllı, Zaqatala, Cəbrayıl, Sumqayıt, Bakı şəhərinin Xətai rayonunu təmsil edən komandaların, eləcə də qızlardan ibarət “Zəfər” yığma komandasının iştirakı ilə uşaqların bilik yarışı baş tutacaqdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Dövlət Universitetinin əməkdaşlarından ibarət münsiflər heyətinin müşayiəti ilə keçəcək bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri sınağa çəkiləcək. Yarışmadan sonra saat 14:30-da uşaqlar Fəxri Xiyabanda akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarüstü abidəsini ziyarət edəcəkdir, daha sonra isə Bakı Dövlət Universitetinin muzeyi və elmi kitabxanası ilə əyani tanışlıq nəzərdə tutulmuşdur. Saat 15:00-da keçiriləcək rəsmi mərasimdə I, II, III yerin qalibləri olan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq, I yerin qalibi olmuş komandaya Komitə tərəfindən “Qələbəyə doğru” kuboku təqdim olunacaqdır.

Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik.