Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq güclənir

10 июня 2017

Поделиться:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Cari il üçün layihə 10 rayonu əhatə edir. Layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir.

8-9 iyun 2017-ci ildə layihə üzrə növbəti seminar Siyəzən rayonunda təşkil edilib. Siyəzən rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə seminarda rayon və kənd məktəblərinin müəllimləri və psixoloqları, polis əməkdaşları, mədəniyyət işçiləri, rayon ərazi nümayəndələri və kənd ziyalıları iştirak ediblər.

Seminarı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşı Gülər Səfərova açaraq layihə çərçivəsində növbəti seminarın Siyəzən rayonunda keçirildiyini bildirdi və layihənin əhəmiyyətindən bəhs edib. O, Komitənin bu sahədə apardığı davamlı tədbirlərin yerlərdə verdiyi müsbət nəticələr barədə məlumat verərək bildirib ki, Siyəzən rayonunda məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq gücləndirilib və belə tədbirlərin kəndləri əhatə etməsi layihənin uğurudur. Seminarın birinci günü məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edilib.

Seminarlarda Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” və Komitənin Ailə, Qadın jurnalı metodiki vəsait kimi iştirakçılara paylanılıb. İştirakçılara cəmiyyətdə bərabərhüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 22 iyun  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun haqqında, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumatlar verilib. Seminarlarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin Baş məsləhətçisi Rahil Süleymanzadə iştirak edib.

Seminarın məqsədi insan hüquqlarının və azadlıqlarının təmin olunmasında, bərabərlik və inkişaf strategiyalarının həyata keçirilməsində bu gün ən ciddi maneələrdən biri olan məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunması, qadınların cəmiyyətdə rolunun artırılması və sosial statuslarının yüksəldilməsidir.

Seminarlar zamanı həmçinin bəzi iştirakçılara onların xahişləri əsasında yerindəcə hüquqi məsləhətlər verilib.