“Gender problemləri və Media” mövzusunda 2 günlük beynəlxalq seminar başa çatdı

3 мая 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində 2-3 may tarixlərində  “Excelsior Hotel Baku” mehmanxanasında keçirilən “Gender problemləri və Media” mövzusunda 2 günlük beynəlxalq seminar başa çatıb.

Yerli və beynəlxalq ekspertlərin təlimçi qismində iştirakı ilə keçirilən seminarın əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və bu sahələr üzrə Avropa İttifaqı təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Seminarın ikinci günündə “Məişət və gender əsaslı zorakılıq hallarında mətbuatda balanslı və gender stereotiplərdən uzaq təsvirin yaradılmasının təbliği məsələləri” adlı III və “Kütləvi informasiya vasitələində gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı IV sessiyada AQUPK-nın informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Məişət və gender əsaslı zorakılıq hallarının mətbuat tərəfindən işıqlandırılması: milli və dünya təcrübəsinin müqayisəsi” mövzusunda, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Əkbər Əkbərov “Qadınlara qarşı törədilmiş cinayətlər və onların mətbuatda işıqlandırılması” mövzusunda, İctimai televiziyanım “Yadigarlar” layihəsinin rəhbəri, böyük redaktor, əməkdar jurnalist Flora Xəlilzadə “Məişət zorakılığı və mətbuat”, Ombudsman Aparatının elmi-analitika sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova “Gender bərabərliyinin təbliğində Ombudsman Aparatı ilə medianın əməkdaşlığı”, KİVDF-nin əməkdaşı Elşad Tağıyev “Gender bərabərliyinin təbliğində medianın rolu”, Təhsil Nazirliyinin əməkdaşı Niyazi Rəhimov “Jurnalistika ixtisası üzrə tədrisdə gender bərabərliyinin təbliği” mövzularında məruzələrlə çıxış ediblər.

Polşadan olan ekspert Marzena Kordaczuk-Was, Litvadan olan ekspert Vanda Jurseniene, İsveçdən olan ekspert Karin Milles, eyni zamanda, öz ölkələrindən “Skype” vasitəsilə qoşulan xarici ekspertlər-Xorvatiyadan olan ekspert Elizabeta Gojan və Aİ-nin Skandinaviya üzrə ictimai mətbuat ofisinin rəhbəri Charlotte Niklassonun  məsələ ilə bağlı mövcud vəziyyətdən bəhs edən məruzələri dinlənilib.

Yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək bildirib ki, cəmiyyətdə gender məsələləri ilə bağlı problemlərin həll olunması istiqamətində birgə fəaliyyətin aparılmasına ehtiyac vardır. “Dünyada bu problemlərlə məşğul olan media nümayəndələri gender media birlikləri yaradıblar. Azərbaycanda jurnalistlərin belə bir birlik yaratmaq təşəbbüsü olarsa, biz onları dəstəkləməyə hazırıq”, – deyə sədr müavini bildirib.

Sonda iştirakçılara Komitə tərəfindən sertifikatlar təqdim olunub.