Komitə əməkdaşları Polşa Respublikasında təlim səfərdə oldular

19 мая 2017

Поделиться:

15-19 may 2017-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Səbinə Talışınskaya, Aidə Seyidli və Raidə Əmirbəyova Polşa Respublikasının paytaxtı Varşava şəhərində “Gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində təşkil olunmuş təlim səfərində olublar.

Təlim səfərinin əsas məqsədi gender əsaslı zorakılıqla mübarizə sahəsində təcrübə mübadiləsinin aparılmasından ibarət idi.

Səfər zamanı Varşava şəhərində yerləşən bir çox dövlət qurumlarında və qeyri-hökumət təşkilatlarında görüşlər təşkil olunub. Uşaq Fondu, Qadın Hüquqların Müdafiəsi Mərkəzi, “Mavi Xətt” təşkilatlarında Polşanın gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirilən bir çox tədbir və layihələr haqqında təqdimatlar nümayiş olunub.

Təlim zamanı, həmçinin, Polşa Respublikasının Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ailə, Əmək və Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə görüşlər keçirilib və bu sahədə Polşa Respublikasının həyata keçirdiyi bir çox dövlət proqramlarından söhbət açılıb.

Təlim çərçivəsində Komitə nümayəndələri bu sahədə olan öz təcrübələrini paylaşıblar. Səfər çərçivəsində Azərbaycanın bu sahədə uğurlu siyasətini əks etdirən təqdimatlar nümayiş olunub.