Suraxanı rayonunda yerləşən 114 saylı tam orta məktəbdə tədbir keçirilmişdir

11 ноября 2014

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ailə, məktəb və cəmiyyət” adlı layihə çərçivəsində Bakı şəhərinin orta məktəblərində tədbirlər davam etdirilir.

         Layihə çərçivəsində növbəti tədbir 11 noyabr 2014-cü il tarixində Suraxanı rayonunun 27 sayda orta məktəb, lisey psixoloqlarının iştirakı ilə keçirilmişdir.  Tədbiri giriş sözü ilə Komitənin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva açmışdır. Respublikamızda vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən, qəbul edilən dövlət proqramlarından və qüvvəyə minən qanunlardan bəhs edən K.Əliyeva, Komitənin Respublikamızda ailə, qadın və uşaq siyasətini həyata keçirən yeganə qurum olduğunu qeyd etmişdir. Komitə tərəfindən mütəmadi olaraq Respublikamızın bütün regionlarında cəmiyyət üzvləri arasında müxtəlif mövzular ətrafında maarifləndirmə layihələrinin keçirildiyini söyləyən K.Əliyeva “Ailə, məktəb və cəmiyyət” adlı layihədən söz açarkən, gənc nəslin adət-ənənələrə uyğun olaraq tərbiyə edilməsinin, onların valideynlərə, yaşlı nəslə qarşı olan münasibətinin, ailədaxili psixoloji iqlimin və ailədaxili münasibətlərin uşaqların psixoloji durumuna göstərdiyi təsirlərin öyrənilməsinin vacibliyini bildirmiş, bu istiqamətdə məktəb psixoloqlarının üzərinə düşən böyük öhdəlikləri vurğulamışdır. Daha sonra tədbir iştirakçılarına “Azərbaycan ailəsi” film festivalının qaliblərindən olmuş “Ağ-qara” filmi nümayiş etdirilmişdir.

Komitənin Regional Mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova çıxışı zamanı layihə haqqında qısa məlumat vermiş, müasir dövrdə məktəb psixoloqu peşəsinin çox məsuliyyətli həmçinin bir o qədər də çətin peşə olduğunu vurğulamışdır. Tədbir iştirakçılarına ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin və ailə zorakılığının uşaqların təlim fəaliyyətinə, davranışına, psixoloji durumuna təsiri, ailədə yaranan problemlər və onların həlli yolları), valideyn-məktəb-şagird münasibətlərinin qarşılıqlı əlaqəsinin düzgün qurulması mövzuları haqqında geniş məlumat verilmişdir. Çıxışlardan sonra müzakirələr başlamış, tədbir iştirakçıları öz təcrübələrini bütün məktəb psixoloqları ilə bölüşmüşdürlər.

         Tədbir iştirakçıları həmçinin Əmircan qəsəbəsi 114 saylı tam orta məktəbdə həyata keçirilən və 3 ibtidai sinifi əhatə edən “Sağlam təhsil layihəsi” ilə tanış olmuşdurlar.

         Sonda qonaqlara Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri təqdim edilmişdir.