Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə “Gənclərin peşə seçiminin gender aspekləri” adlı Konfrans keçirilmişdir

3 марта 2015

Поделиться:

Martın 3-də  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə Azərbaycan Texniki Universitetində  “Gənclərin peşə seçiminin gender aspekləri” adlı Konfrans keçirdi.

Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov mövzunun aktuallığından, əhəmiyyətindən danışıb. Rektor ulu öndər Heydər Əliyevin yaratdığı Komitənin ölkəmizdə gördüyü işləri yüksək qiymətləndirib. Bildirilib ki, ölkəmizdə qadınlar dövlət və hökumət strukturlarında, eləcə də elm və təhsil sahələrində aparıcı mütəxəssis kimi fəaliyyət göstərirlər. Hazırda AzTU-da təhsil alan tələbələrin də 25 faizini qızlar təşkil edir. Bu göstərici universitetin tarixində ilk dəfə qeydə alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri xanım Hicran Hüseynova cəmiyyətdə qadınların rolundan, rəhbərlik etdiyi qurumun bu sahədə gördüyü işlərdən söz açıb. Bildirilib ki, bu günlərdə ölkəmiz BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” barədə Konvensiyasının beşinci dövri hesabatını verib. Hesabatda müzakirə olunan məsələlərin sırasında qızların təhsil alması da var. Azərbaycan 20 il bundan əvvəl Pekin Platformasına qoşulub və 12 istiqamət üzrə öhdəlik götürüb ki, onlardan biri də qız və qadınların təhsil almaları üçün bərabər imkanların yaradılmasıdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, gender müxtəlifliyi təhsilalma prosesində təsirini göstərir. Təhsil maraqları qızlar və oğlanlar arasında müxtəlifdir. Oğlanlar adətən daha çox təbiət, texniki, humanitar fənlərə, qızlar isə daha çox humanitar fənlərə və tibb sahəsinə meyillidirlər. Son illər texniki profilli təhsil müəssisələrində qızların sayı artmaqdadır. Nazirlik gender məsələləri ilə bağlı ali və orta təhsil müəssislərində davamlı maarifləndirmə işləri aparır.

TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, təhsil kişilərlə qadınların hüquq bərabərliyini təmin edən təməldir. TQDK 1992-ci ildən qəbul imtahanları keçirir. 1996-cı ildən başlayaraq komissiyanın elmi-statistik araşdırmalarında gender aspektləri nəzərə alınır. TQDK tərəfindən aparılan bütün işlər təkcə Komissiyanın fəaliyyətinə təsir göstərmir. Toplanılan məlumat bazalarından, həyata keçirilən elmi-statistik araşdırmaların nəticələrindən bütün ictimaiyyətin faydalanması üçün imkanlar yaradılır. TQDK –nın sədri bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 97 min 362 abituriyent ərizə verib. Onların 52.43 faizi oğlan, 47.57 faizi isə qız olub. Artıq ikinci ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Konfransda gənclərin peşə seçimində problemlər, məşğulluq, gənclərin idmanda, sosial həyatda inkişafı və digər mövzularda müzakirələr aparılıb, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.