“Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirildi

20 июля 2016

Поделиться:

İyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Milli Mətbuat Günü münasibətilə keçirilən konfransda dövlət orqanları, mətbuatın və ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbiri açıq elan edərək əvvəlcə iştirakçıları salamlayıb və bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat sahəsində də inkişaf özünü göstərmişdir. “Azərbaycan bütün dünyada azad, müstəqil, demokratik ölkə kimi tanınır. Ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun  təməlidir və ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur.”

Komitə sədri qeyd edib ki, möhtərəm Prezident cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə bağladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş, Ulu Öndərin siyasətinə sadiq olduğunu atdığı addımları ilə təsdiqləmişdir. “İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Mətbuat haqqında Qanun  qəbul edilməsi bu sahəyə göstərilən diqqətin əyani sübutudur. Azərbaycanda mətbuat sahəsindəki bu uğurlu siyasətin, jurnalistlərə və jurnalist təşkilatlarına göstərilən qayğı və diqqətin nəticəsi olaraq Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüşlər.”

Hicran Hüseynova onu da qeyd edib ki, mətbuatımız hər zaman xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. “İnformasiya mübarizəsində qələbə, uğura yol açan əsas amillərdən biridir. Bizim jurnalistlərlə geniş əməkdaşlığımız var. Komitə tərəfindən dəfələrlə mətbuat nümayəndələri üçün xüsusi təlim və treninqlər də təşkil olunmuşdur.”

Hicran Hüseynova xüsusilə qeyd edib ki, bu gün ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində, və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. “Lakin bir məsələni də vurğulamaq istiyirəm ki,  jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işiqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar. Vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidenasiallığını qorusunlar. Bundan başqa, ölkəmizin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində əldə olunan uğurlar əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, ölkəmizin müsbət təcrübəsinin təbliği baxımından xarici mətbuatda işıqlandırılması ilə bağlı daha böyük işlər görülməlidir. “

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Mətbuat gününün eyni zamanda xalqın bayramı olduğunu qeyd edərək bildirib ki, Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlamış bu günədək milli-mənəvi dəyərlərin möhkəmlənməsində, Azərbaycan dilinin saflığının qorunmasında müstəsna rol oynayıb. Mətbuat olmasaydı, ana dilimizdə səlis danışa bilməzdik. Azərbaycan ailə modeli dünyaya örnəkdir və bu reallıq mütləq mətbuat səhifələrinə çıxarılmalıdır. Eyni zamanda qadınlara, uşaqlara münasibət, qadın ucalığı, ailə institutu məsələləri geniş şəkilə işıqlandırılmalıdır.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Azərbaycan dövləti özünün ailə, qadın və uşaq məsələləri üzrə prioritetlərini müəyyənləşdirib: “Azərbaycan bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan ailə modeli sağlam təməl üzərində qurulmuş bir instituta çevrilib. Biz bu gün qadın jurnalistlərin imzası olmadan Azərbaycan mediasını təsəvvür edə bilmirik. Burada təbii ki, əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətin çox böyük rolu olub. Azərbaycanda senzura, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib, medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik yaradılıb.” Vüqar Əliyev onu da qeyd edib ki, Azərbaycan mediasının inkişafına konseptual yanaşma 2008-ci ildə baş verib və bu konsepsiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. O, eyni zamanda jurnalistlərin dövlət tərəfindən mənzillərlə təmin edilməsi məsələsinə toxunaraq vurğulayıb ki, bu proses davamlı olacaqdır.

Milli Televiziya və Radio Şurası sədrinin müavini Sona Vəliyeva çıxışında Həsən bəy Zərdabinin bütün ailələrə müraciət edərək övladlarını təhsil almağa çağırdığını xatırladıb. “O, çox gözəl bilirdi ki, millətin inkişafı maarifdən keçir. Azərbaycan ailə modeli dünya ailə modellərindən yaxşı mənada fərqlənir. Tarixin çətin sınaqlarından uğurla keçən Azərbaycan ailəsi inkişaf edir. Bugünkü inkişaf və müasirlik fonunda da ailə dəyərlərimizi tarixin sınağından üzüağ çıxarmalıyıq”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib ki, Fond 19 konsepsiya əsasında fəaliyyət göstərir. Bunlardan biri də gender bərabərliyinin işıqlandırılmasıdır. Bununla bağlı 5 müsabiqə keçirilib. Müsabiqələrə 50-dən çox yazı təqdim olunub. Müəlliflərdən 30-u mükafatlandırılıb.

Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “ASAN Radio”nun direktoru Emin Musəvi, Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin redaktoru Tural Məmmədov bütün media nümayəndələrini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan mediasında ailə, qadın və uşaq problemlərinin işıqlandırılması ilə bağlı çıxış ediblər və Azərbaycanda dövlət ilə mətbuat arasında sağlam münasibətlərin olduğunu diqqətə çatdırıblar.

Daha sonra təqdimatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılmasından söz açaraq bu sahədə əldə edilən nailiyyətləri və bu sahədə qarşıya çıxan problemlərin həlli yolunda təklifləri diqqətə çatdırıb.

Qarşılıqlı fikir mübadiləsi ilə davam edən konfransın yekununda dövlət ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması və səmərəli əməkdaşlığa görə bir qrup media qurumları və mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, eyni zamanda bu sahələrdə aparılan araşdırmalar və təhlillər üzrə 2016-cı ilin monitorinqinin nəticələrinə əsasən jurnalistlər mükafatlandırılıb.