Beynəlxalq Ailə Günü regionlarda da qeyd edildi

15 мая 2020

Поделиться:

Ailə hər cəmiyyətin özünəməxsus mədəniyyəti tərəfindən formalaşan bir qurumdur. Uzun tarixi keçmişə sahib olan Azərbaycan mədəniyyəti, adət və ənənələri dünyada mövcud olan ailə modellərinə özünəməxsus keyfiyyətlər bəxş etmişdir.

Azərbaycan ailəsi mədəniyyətimizin bir xəzinəsidir. Bu zəngin xəzinəni qorumaq üçün dövlətimiz ardıcıl və məqsədyönlü siyasət yürüdür. Xüsusilə ənənəvi ailə modelimizin sosial dəyişikliklər prosesində yenidən qurulması və müsbət ənənələrin qorunması bizim üçün çox əhəmiyyətlidir.

Dövlət siyasətinin tərkib hissəsi olaraq, 15 May- Beynəlxalq Ailə Bayramı münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri müxtəlif tədbirlər keçiriblər. Bu məqsədlə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi Asan Xidmətlə birgə icmada yaşayan 8 nəfərə, “Ailədən-ailəyə” aksiyası çərçivəsində İsmayıllı və Göygöl UADM-ləri 10 ailəyə sovqat paylayıb.

Ailə Bayramı çərçivəsində Dövlət Komitəsi Uniceflə birgə 11 rayonda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin dəstəyi ilə həssas qrupdan olan 114 ailəyə ərzaq sovqatının verilməsi planlaşdırılır.

Goranboy, İsmayıllı, Qəbələ UADM-ləri yerli qurumların nümayəndələrinin, uzunömürlü və nümunəvi ailələrin iştirakı ilə onlayn görüşlər təşkil edib. Görüşlərdə dövlətin ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədi ilə cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə əmin-amanlıq və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşlər müzakirələr şəklində aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.