Uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

13 апреля 2020

Поделиться:

Son günlərdə uşaqlara qarşı alçaldıcı hərəkətlər edilərək sosial şəbəkələrdə paylaşılması ilə bağlı yayılan məlumatlar haqlı olaraq cəmiyyətdə böyük təəssüf və qəzəb hissi ilə qarşılandı.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qeyd olunan faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilmişdir.
Faktın araşdırılması, günahkar şəxslərin ölkəmizin qanunlarına müvafiq qaydada cəzalandırılması istiqamətində ciddi addımların atlılması tələb olunmuşdur.

Azərbaycanda uşaqlara diqqət və qayğı, onların yüksək səviyyədə tərbiyəsi, layiqli vətəndaş olaraq böyüməsi milli-mənəvi dəyərlərimizdə mühüm yer tutur. Azərbaycan Republikasının Konstitusiyasında da vurğulandığı kimi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, ilk növbədə, valideynlərin borcudur. Hər bir valideyn anlamalıdır ki, uşaqların mənəviyyatına xələl gətirən hərəkətlər ilk növbədə onların tərbiyəsinə və bir vətəndaş kimi formalaşmasına mənfi təsir göstərir. Azərbaycanın da qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası uşaqlardan öz mənafeyi ücün istifadə hallarını, onların mənəviyyatının alçaldılmasını qəti şəkildə yolverilməz hesab edir.
Dövlətimiz də hüquqi dövlət olaraq Konvensiyanın prinsiplərini üstün tutaraq belə hallarla ciddi mübarizə aparır.

Hazırda pandemiya ilə mübarizə şəraitində dövlətin həssas ailələrin yanında olaraq onların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərə rəğmən, bəzi vətəndaşların sosial məsuliyyətsizliyi, görülən işlərə kölgə salmaq mövqeyindən çıxış edərək cəmiyyətdə pozuculuq fəaliyyəti göstərməsi xalqımızın həmrəylik prinsiplərinə ziddir.
Odur ki, hər bir vətəndaşı bu çətin günlərdə birgə olmağa, qarşılıqlı olaraq dövlətimizə və bir-birimizə dəstək olmağa səsləyirik.

Məlumat ücün qeyd etmək istəyirik ki, hadisəni törədən və videoya çəkərək paylaşan şəxslər artıq aşkarlanıb və həmin şəxslər barəsində aidiyyəti tədbirlər görüləcəkdir.