Azərbaycanda qadınların və uşaqların istismarın qarşısını alınması. Preventiv tədbirlər.

18 октября 2016

Поделиться:

Qadınların və uşaqların istismarı bütün dünyanı narahat edən məsələlərdən sayılır və bu cür halların qarşısının alınması məqsədilə mühüm tədbirlər görünür. Azərbaycan da bu proseslərdən kənarda deyil və ölkəmizdə insan alverinin qarşısının alınması, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda insan alverinə qarşı mübarizə müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlıq çərçivəsində aparılır və bu sahədə qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər qanunvericilik aktlarından ibarətdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin başlıca vəzifəsi dövlətimizin ailə siyasətini həyata keçirmək, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaqdır. Komitə  qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində prioritet əhəmiyyət daşıyan məsələləri nəzərdə saxlayaraq onların aradan qaldırılması istiqamətində məlumatlandırıcı və maarifləndirici tədbirlər həyata keçirir. Komitə tərəfindən insan alveri problemlərin öyrənilməsi və onların aradan qaldırılması istiqamətində ardıcıl iş aparılır, mütəmadi olaraq tədbir və layihələr  həyata keçirilir.  11 regionda Uşaq və Ailələrə Dəstək Mərkəzlərimiz fəaliyyət göstərir.  Bu mərkəzlərin göstərdiyi hüquqi, sosial – psixoloji xidmətlərdən  30 min insan, xüsusilə, həssas və risk qrupuna daxil olan qadın və uşaqlar yararlanmışdır.

Komitə sədrinin 10 fevral 2012-ci il tarixli, 20 saylı Əmri ilə ölkə üzrə uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının monitorinqini həyata keçirən nəzarət qrupu yaradılmışdır. 2012-ci ildən etibarən Komitə regionlar üzrə uşaq əməyinin istismarı hallarının qarşısının alınması məqsədilə monitorinqlər həyata keçirir.

 Monitorinqlər nəticəsində uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının aşkarlanması, həmin uşaqların təhsilə cəlb olunması, belə uşaqların valideynləri ilə profilaktik işlərin təşkili, həmçinin təhsil müəssisələrinin müvafiq problemlə bağlı maarifləndirilmə işləri aparılmışdır. Həmin monitorinqlər hər il mütəmadi olaraq davam edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli, 37 saylı Qərarı ilə “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram” təsdiq edilmişdir. Proqramın icrası ilə bağlı Komitə tərəfindən mütəmadi olaraq tədbirlər görünür.

2013-cü ildə Komitə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında “Uşaq əməyinin istismarının  qarşısının alınması sahəsində birgə Tədbirlər  Planı (2013-2015-ci illər)” təsdiq edilmişdir. Tədbirlər Planında uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planına müvafiq olaraq Komitə tərəfindən uşaq əməyi ilə bağlı Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün regional təlimlər keçirilmişdir. Təlimlər zamanı uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar edilmiş, problemlə bağlı müzakirələr aparılmış, təlim iştirakçıları mövzu ilə bağlı öz təklif və tövsiyələrini bildirmişdir.

İnsan alverinin qarşısının alınmasında ən gözəl vasitə maarifləndirmədir. Bu bəşəri cinayətin təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə alaraq, vətəndaşların maarifləndirilməsi olduqca önəmlidir.  Maarifləndirmə vasitəsi ilə insanların insan alveri barədə biliklərini artırmaq və onları bu sahədə məlumatlı etməklə bunun qarşısını ala bilərik.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhərinin bütün rayonları üzrə 124 məktəbdə, o cümlədən qaçqın və məcburi köçkün məktəblərində və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində gənc nəsli arasında ailə dəyərlərinin qorunub saxlanılması, uşaqların milli, mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində maarifləndirmə kampaniyası keçirilmişdir. Tədbir uşaqların baxımsızlığına şərait yaradan halların səbəbləri, aşkar edilməsi və aradan qaldırılması, uşaqlar arasında zorakılıq, uşaq intiharı, uşaq alveri, uşaq cinayətkarlığı, uşaq əməyinin istismarı, zərərli vərdişlər, erkən nigah hallarının qarşısının alınması və belə hallara qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə maarifləndirmə kampaniyası çərçivəsində həyata keçirilmişdir.

Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir. Xüsusilə uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işləri aparılır. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində təşkil olunur.  Bu tədbirlər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  2016-ci ildə Bakı şəhərində və regionlarda orta məktəblərin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə təlimləri keçirilmişdir.

İnsan alverinə qarşı mübarizə tədbirlərin davam etdirilməsi məqsədilə, Komitə tərəfindən insan alverinin, qanunsuz miqrasiyasının mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə Komitə tərəfindən “İnsan alverinin qurbanı olma”, “Uşaqlarınızı qoruyun”,  “Qadın alveri” və “Özünü müdafiə etməyi bacar” adlı bukletlər hazırlanmış, əhali arasında paylanılmışdır.

Komitə tərəfindən həyata keçirilən bir sıra tədbirlərlə yanaşı insan alverindən və onun arzuolunmaz nəticələrindən bəhs edən “Satılmış həyat” adlı sənədli film çəkilmişdir. Qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizəni gücləndirmək, ictimaiyyəti bu problem və onun həlli yolları haqqında ətraflı məlumatlandırmaq məqsədilə “Satılmış həyat” filmi televiziya kanallarında, həmçinin regional televiziya kanallarında da nümayiş etdirilmişdir.

Azərbaycan Hökuməti uşaq hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək tədbirləri artıq müəyyən edib. Bununla bağlı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, Uşaq Strategiyası hazırlanıb, təsdiq üçün təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş görülməkdədir.

Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib. Ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla da işbirliyi həyata keçirilir.