Komitədə BMT-nin nümayəndələri ilə görüş keçirildi

29 сентября 2016

Поделиться:

Azərbaycan Respublikasında Birləşmiş Millətlər Təşkilatı qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirib və bun tədbirlər davam etdirilir. Əməkdaşlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə 29 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin İnkişaf Proqraminin rəhbərinin müavini, Avropa və MDB ölkələri üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun görüşü baş tutub.

Görüşdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT- nin  İnkişaf  Proqramının  Rəhbərinin Müavini, Avropa və MDB Ölkələri üzrə Regional Büronun Direktoru Cihan Sultanoğludan başqa, BMTIP-Ölkə Proqramı üzrə mütəxəssis Stefan Liller, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi/BMTIP-in Rezident Nümayəndəsi Qulam Isakzai, BMT-nin  Rezident Nümayəndəsinin müavini Cənab Alessandro Fracassetti, BMT-nin Proqram Məsələləri üzrə müşaviri Leyla  Fəthi, Tərcüməçi Emil Gəncəliyev  və Komitənin əməkdaşları iştirak edib.

Komitə sədri Hicran Hüseynova əvvəlcə qonaqları salamlayaraq, görüşdə iştirak etdikləri üçün minnətdarlığını ifadə edib.

Çıxış edən BMT- nin  İnkişaf  Proqramının  Rəhbərinin Müavini, Avropa və MDB Ölkələri üzrə Regional Büronun Direktoru Cihan Sultanoğlu bildirib ki, gender bərabərliyi və qadın hüquqları ilə bağlı böyük nailiyyətlər əldə edilmişdir. O, Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə, qərarqəbuletmədə təmsilçiliyinin artırılması, onların iqtisadi fəallığının artırılması və digər sahələrdə əldə edilən nailiyyətləri qeyd edib. C.Sultanoğlu vurğulayıb ki, Azərbaycan qadınları cəmiyyət həyatının bütün sahələrində təmsil olunurlar. Son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artıb. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur, bu istiqamətdə Azərbaycanın güclü qanunvericilik bazasının mövcuddur. Cihan Sultanoğlu “Məişət zorakılığının qarşısının alınması haqqında” və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunları və dövlət proqramlarını qeyd edib və əlavə edib ki, bu təcrübə demək olar ki, bir çox ölkələrdə yoxdur.

O, eyni zamanda BMT-nin İnkişaf Proqramı tərəfindən yeni 2016-2020-ci illər üzrə proqramın hazırlandığını diqqətə çatdırıb.

 Daha sonra Komitə sədri Hicran Hüseynova bildirib ki, qadınların imkanlarının daha da artırılması vacib məsələlərdəndir. Bu istiqamətdə maarifləndirmə tədbirləri mütəmadi olaraq keçirilməlidir. Qadınların özünəinam hissələri də olmalıdır. Onların iqtisadi sərbəstliyinin təmin edilməsi, həmçinin qanunların implementasiyası məsələsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun hazırlanmasında Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın rolu danılmazdır. Eyni zamanda qəbul edilən hər bir qanun və proqramlarda gender komponentləri əlavə edilir.

 Hicran Hüseynova öz növbəsində qadınların imkanlarının genişləndirilməsi, zorakılığın qarşısının alınması sahəsində Azərbaycanda güclü qanunların olduğunu, ölkədə gender sahəsində olan müsbət nəticələri parlament və bələdiyyə seçkilərində qadınların fəallığının artdığını, hər bir yerli icra hakimiyyəti orqanında müavin qadınların olduğunu qeyd edib. O, bildirib ki, hər bir təşkilatda gender məsələləri üzrə məsul şəxslər (gender fokul-pointlər) mövcuddur.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılıb.