Zərdab rayonunda “Beynəlxalq Ahıllar Günü”nə həsr olunmuş tədbir keçirilib

29 сентября 2016

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Zərdab rayon İcra Hakimiyyəti ilə birgə 29 sentyabr 2016-ci il tarixində Zərdab rayon Heydər Əliyev Mərkəzində BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən 1 Oktyabr – “Beynəlxalq Ahıllar Günü“ ilə əlaqədar olaraq ahıllara diqqət və qayğının artırılması məqsədilə tədbir keçirilib.

Tədbir “Azərbaycan Ailəsi” film festivalının iştirakçısı olmuş “Saat” filminin nümayişi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Zərdab rayon İcra Hakimiyyətinin başçısının müavini Pərvin Mahmudova ölkəmizdə 1993-cü ildən bəri qeyd olunan bu əlamətdar gün münasibətilə bütün ahılları təbrik edərək qonaqları salamlayıb və tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib. Pərvin Mahmudova  ulu öndər Heydər Əliyev tərəfindən ahıllara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıldığını bildirib, 22 iyun
2001-ci ildə qəbul olunmuş “Ahıllara sosial xidmət haqqında” qanunun əhəmiyyətini vurğulayıb. Ahııların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan siyasətin bugün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara yüksək qayğı ilə yanaşdığını qeyd edərək bu istiqamətdə böyük layihələrin keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkilinə görə Zərdab rayon İcra Hakimiyyətinə öz minnətdarlığını bildirib. Sədaqət Qəhrəmanova ahıllarla keçirilən bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, ahılların nəsillərarası münasibətlərdə, gənc nəslin tərbiyəsində və başqa bir çox məsələlərdəki önəmini qeyd edib. Ahılların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən aparılan uğurlu siyasəti qeyd edən Sədaqət Qəhrəmanova qəbul olunmuş dövlət proqramlarının önəmindən bəhs edib. Dövlət Komitəsinin sədr müavini möhkəm təmələ malik Azərbaycan ailəsinin düzgün qurulmasında yaşlı nəslin verdiyi tövsiyələrin əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklərin Azərbaycan ailəsinə olan mənfi təsirlərini də qeyd edərək, bu mənfi təzahürlərin aradan qaldırılması istiqamətdə Komitənin fəaliyyəti, Bakı şəhəri və ətraf rayonlarda, eləcə də regionlarda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri
Canpolad Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin sosial xidmət sektorunun müdiri Eldar Xəlilov, Zərdab rayon Ağsaqqallar Şurasının sədri Mirağa Bağırov, Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov əlamətdar gün münasibətilə ahılları təbrik edib və çıxışlarında ahılların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işləri, gənc nəslin təlim-tərbiyəsində yaşlı nəslin rolunu qeyd edib və tədbirin təşkilinə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitləri paylanılıb.

Tədbirdən sonra Komitə və İcra Hakimiyyətinin nümayəndələri tərəfindən rayonda yaşayan ahılların evləri ziyarət olunub onların problemləri və istəkləri dinlənilib, bayram sovqatları paylanılıb.