“İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda dəyirmi masa keçirilib

30 сентября 2016

Поделиться:

  V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən dəyirmi masalardan biri də “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusuna həsr olunub.  30 sentyabr tarixində baş tutan tədbiri Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev açaraq müasir dövrdə hərbi münaqişələr və təbii fəlakətlər kontekstində  belə forumların əhəmiyyətindən danışıb.

       Sonra “Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” qısametrajlı filmi nümayiş etdirilib. Mövzu ilə bağlı çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, son illər dünyada müxtəlif səbəblər, o cümlədən münaqişə, müharibə, təbii fəlakətlər üzündən miqrasiya proseslərinin əhatə dairəsi sürətlə genişlənir. Bunun nəticəsində öz ölkələrini tərk etməyə məcbur qalan və ağlasığmaz dəhşətlərə düçar olanların sayı ilbəil artır. Statistik məlumata görə, bu gün dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyondan çoxdur. Bu da 20 il əvvəlki vəziyyətlə müqayisədə 3 dəfə çoxdur.

        Bolqarıstanın vitse-prezidenti Marqarita Popova bildirib ki, insan kapitalının qorunub saxlanması dünya üçün çox vacibdir. Bərabərsizlik, ədalətsizlik, humanitar böhranlar doğrudan da işimizi çətinləşdirir, insanları bir-birindən ayrı salır. Biz əl-ələ verib bu problemlərin aradan qaldırılmasına çalışmalıyıq, ədalətsizliklərə, qanunsuzluqlara “yox” deməliyik. Bakıda keçirilən forumlar – humanitar və qlobal forumlar bu baxımdan çox önəmlidir. BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar tərəfdaşlıq məsələləri üzrə köməkçisi Rəşid Xaliqov  qeyd edib ki, qaçqın və miqrantların  sayı artmaqda davam edir, milyonlarla insan hər il yaxşı həyat şəraiti axtarışındadırlar.

        Dəyirmi masanın “Humanitar fəlakətlər və ekstremal vəziyyətlər nəticəsində insanların kütləvi yerdəyişməsinin müasir prosesləri: nəticələr və həlli yolları (dünya təcrübəsi və Azərbaycan modeli)” adlı birinci sessiyasında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova beynəlxalq miqrasiya proseslərinin ailə institutuna  göstərdiyi təsirlərdən bəhs edərək, aktual mövzuları iştirakçıların nəzərinə çatdırıb.  Eyni zamanda, bu istiqamətdə Azərbaycan Respublikasının təcrübəsi, nəticə və perspektivlər barədə ətraflı məlumat verib. Dünyada müharibə və münaqişələrin davam etdiyini qeyd edən Komitə sədri bildirib ki, “Müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Dünyada “Vyetnam sindromu”, “Əfqan sindromu” mövcuddur. Xocalıda törədilən genosid isə “Xocalı sindromu” yaranıb”.  Sessiyada Təhsil naziri Mikayıl Cabarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, İslam Əmək Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının məsul şəxsləri, Beynəlxalq Miqrasiya Təşkilatının, Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi məruzə ilə çıxış ediblər.

        Forum digər sessiyalarla öz işini davam etdirib.