1 oktyabr-Beynəlxalq Ahıllar Günü

1 октября 2016

Поделиться:

1 oktyabr “Beynəlxalq Ahıllar Günü” münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri müxtəlif tədbirlər keçiriblər.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən kimsəsiz yaşlı insanlarla görüşlər keçirilib, onların problemləri dinlənilib, ev və təsərrüfat işlərinə köməklik göstərilib.

Zaqatala, Zərdab  Uşaq və Ailələrə Dəstək Mərkəzləri  “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı tədbirlər təşkil ediblər. Tədbirdə  iştirak edən yaşlı nəslin nümayəndələri xalqımızın milli-mənəvi dəyərlərindən, ailə mədəniyyətindən və onun tarixindən söhbət açaraq, gənclərə öz nəsihətlərini veriblər.

Çıxış edənlər Azərbaycan Respublikasının “Ahıllara sosial xidmət haqqında Qanun”dan və ahıllara göstərilən dövlət qayğısından bəhs ediblər. Zərdab UADM-nin təşkil etdiyi tədbirdə Mərkəz xidmətindən bəhrələnən uşaqların ifasındakı səhnəciklər, şeirlər, milli və dünya xalqlarının rəqsləri tədbir iştirakçılarının zövqünü oxşayıb.