Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa Şurasının gender bərabərliyi bölməsinin rəhbəri Katerina Boloqnesenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

16 июля 2019

Поделиться:

Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var. Cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində qadınlara seçib-seçilmək hüququ verilmişdi. Bir çox qabaqcıl ölkələrdə isə qadınlara bu hüquq illər sonra verildi.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa Şurasının gender bərabərliyi bölməsinin rəhbəri Katerina Boloqnesenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə söyləyib.

Komitə sədri qeyd edib ki, qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Hazırda Azərbaycanda gündən-günə genişlənən qadın hərəkatı var. Ölkəmizdə gender bərabərliyinin, qadın hüquqlarının təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Bu gün Azərbaycan xanımları dünyaya fəal qadın nümunəsi göstərirlər.

Hicran Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən iqtisadi və sosial inkişaf, o cümlədən dövlət qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlər, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə toxunan Hicran Hüseynova deyib ki, münaqişə nəticəsində çoxlu sayda azərbaycanlı qadın zorakılığa məruz qalıb. Qadın zorakılığına qarşı mübarizəyə dair beynəlxalq sənədlər qəbul edilərkən bu amil də nəzərə alınmalıdır. Bu qadınlar təkcə fiziki deyil, eyni zamanda, mənəvi zorakılığa da məruz qalıblar. Bu məsələ ilə bağlı birgə fəaliyyət müsbət nəticələr verə bilər.

Qonaqlar Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinin təqdirəlayiq olduğunu bildiriblər.

Görüşdə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparılıb