Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşü keçirildi

8 ноября 2016

Поделиться:

7 noyabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr Hicran Hüseynova Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoralı qəbul edib.

Görüşdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1-3 noyabr tarixlərində İstanbulda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusundakı Nazirlərin VI Konfransının əhəmiyyətini xüsusilə qeyd edib. O, Türkiyə ilə ölkəmiz arasında imzalanan memorandum əsasında görülən işlər haqqında ətraflı məlumat verib.

Görüş zamanı Hicran Hüseynova Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə bəhs edib. Komitə sədri öz çıxışında vurğulayıb ki, son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artmaqdadır. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur.

Komitə sədri vurğulayıb ki, türk dünyasında qadınlar müasirdir və əsas məsələlərdən biri də cəmiyyətdə formalaşdırılan bəzi stereotiplər dağıdılmalıdır. Hicran Hüseynova qadınlara qarşı zorakılıq, eləcə də, uşaq evlərini tərk edən qızların gələcək həyatı ilə bağlı məsələlərinə də toxunaraq, bu istiqamətlərdə işlərin genişləndirilməsinin əhəmiyyətini bildirib. O, həmçinin Dövlət Komitəsinin və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının ixstisaslarının artırılması istiqamətində TİKA ilə bu sahədə tədbirlərin davam etdirilməsini qeyd edib.

H.Hüseynova qadın hüquqlarının müdafiəsi sahəsində Türkiyə təcrübəsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini bildirib. O, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayanı səfir vasitəsilə 2017-ci ildə ölkəmizə səfərə dəvət edib.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral səmimi qəbul üçün minnətdarlıqlarını bildirərək qeyd edib ki, “cəmiyyətin təməli qadınlardır”. O, Azərbaycanda qadın və uşaq problemlərinin həllinə yönəlmiş tədbirləri yüksək qiymətləndirib və ölkənin sosial-siyasi həyatında qadınların rolunun artırılması meyillərinin əhəmiyyətini xüsusilə vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və qarşıdakı layihələr müzakirə edilib.