“Dayaq” Mentorluq proqramı çərçivəsində “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda silsilə təlimlər keçirilir

9 апреля 2019

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramı həyata keçirir.

Cari cari ilin aprel-may ayları ərzində yerli icra hakimiyyətinin, bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində regionlarda və Bakı şəhərinin rayonlarında təlimlər keçirilir.

9 Aprel 2019-cu il tarixində Bakı şəhərinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Binəqədi və Yasamal rayon yerli icra hakimiyyəti orqanlarında və bələdiyyələrdə çalışan nümayəndələr üçün təlimlərin açılışı edilib. Yasamal rayon icra hakimiyyətinin müavini xanım Muradova Təravət tərəfindən tədbirə açılış edilərək qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə bölgələrdə həyata keçirilən tədbirlər haqqında təlim iştirakçılarına məlumat verib. Təlimdə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək gender bərabərliyi, BMT-nin Dayanaqlı İnkişaf Məqsədləri, stereotiplərlə mübarizə və digər mövzular üzrə iştirakçılara məlumat verib.

Təlimdə dövlət qadın siyasəti, gender bərabərliyi, məişət zorakılığı, qadınların liderlik keyfiyyətləri, qadınların qərarqəbuletmədə təmsilçiliyi və digər mövzular üzrə təlimçi tərəfindən məlumat təqdim edilib. Qeyd etmək istərdik ki, təlim zamanı  “Qadın Hüquqlarının Müdafiəsi: Beynəlxalq və Milli Aspektlər” və “Liderlik təlimatı” adlı maarifləndirici vəsaitlər kimi istifadə edilib.

Tədbirdə bələdiyyələrlə yanaşı, QHT-lərin nümayəndələri və ali təhsil ocaqların müəllimləri də iştirak edib.

Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə cari ilin aprel-may aylarında Bakı şəhərinin Qaradağ, Xəzər, Səbail, Nizami, Xətai, Suraxanı, Nəsimi, Nərimanov, Sabunçu rayonlarında, Sumqayıt şəhərində, Siyəzən, Pirallahi, Şirvan, Salyan rayonlarında təlimlər davam edəcək.