Azərbaycan Hökuməti və UNİCEF arasında Əməkdaşlıq Proqramı çərçivəsində 2019-2020-ci illər üçün Dövri İşçi Planı müzakirə edilib

12 марта 2019

Поделиться:

12 mart 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüşü olub. Görüş zamanı Azərbaycan Hökuməti və UNİCEF arasında  Əməkdaşlıq Proqramı çərçivəsində  2019-2020-ci illər üçün Dövri İşçi Planı müzakirə edilib.

BMT-nin Uşaq Fondunun (UNICEF) ölkəmizdə rəhbəri Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı sahələrində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Cənab Karvardin qeyd edib ki, Azərbaycanda uşaqlar üçün həyat ildən-ilə yaxşılaşmaqdadır və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət öz müsbət töhfələrini verməkdədir”. Uşaq hüquqlarına dair Məlumat Bankının və Uşaq və Ailələrə Dəstək Mərkəzləri üçün fərdi halların idarə edilməsi sisteminin  yaradılmasını və bu sahədə görülən işləri yüksək qiymətləndirən  cənab E.Karvardin bu layihələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vacib bir amil olduğunu  vurğulayıb.

UNİCEF-lə əməkdaşlığın  böyük əhəmiyyətini qeyd edən Komitə sədri Hicran Hüseynova keçən dövr ərzində əldə olunan nailiyyətlər haqqında danışdı. Xanım Hüseynova  bildirib ki, bu gün ölkədə çox güclü dövlət uşaq siyasəti aparılır, xüsusilə də uşaq hüquqlarının müdafiəsi, onların cəmiyyət həyatında iştirakçılığının artırılması  ilə bağlı böyük tədbirlər keçirilir. Komitə sədri qeyd edib ki, “Azərbaycan  Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı öhdəlik götürüb və bu hədəf və məqsədlərin arasında uşaqlarla bağlı bir sıra mühüm məsələlər öz əksini tapıb. Bütün uşaqlar üçün, xüsusilə də,  daha həssas uşaqlar–xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələr keçirilir. Və bu gün ölkədə hər bir uşaq üçün bərabər imkanlar yaradılmışdır.  Onlar üçün təhsil, tibb, istirahət və digər xidmətlər  əlçatandır. Ədalətli, inkluziv  çıxış imkanları var. Uşaq hüquqlarının müdafiəsi üzrə çox ciddi nəzarət və monitorinq mexanizmi yaradılıb. Əlbəttə ki, Azərbaycan Respublikasının Birinci Vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın  bu sahəyə böyük qayğı və diqqət göstərir. Amma hələ də qarşımızda dayanan bir sıra işlər var. Bunun üçün isə həm dövlət qurumları, həm beynəlxalq təşkilatlar, xüsusilə də vətəndaş cəmiyyəti ilə birlikdə həyata keçirilən işləri daha da gücləndirməliyik”.

Görüşün sonunda Azərbaycan Hökuməti və UNİCEF arasında  Əməkdaşlıq Proqramı çərçivəsində qarşıda həyata keçiriləcək tədbirlər və layihələrlə bağlı ətraflı müzakirələr aparılıb.