“Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda inşa müsabiqəsinə yekun vurulub

25 февраля 2019

Поделиться:

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar uşaqlar arasında keçirilmiş “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda inşa müsabiqəsinə yekun vurulub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) bununla bağlı təşkil edilən tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova Xocalı faciəsinin dəhşətlərindən danışıb. Bildirib ki, artıq 27 ildir biz xalqımıza qarşı törədilən ən dəhşətli cinayəti - Xocalı soyqırımını qeyd edirik. Bu soyqırımı erməni vandallarının Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. Heç vaxt Cənubi Qafqazda dövləti olmayan ermənilər himayədarlar taparaq onların sayəsində əvvəlcə Azərbaycan ərazisində məskunlaşıb dədə-baba torpaqlarımızda Ermənistan adlı dövlət yaradıblar. Prezident İlham Əliyev daim qeyd edir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib.

Doğma torpaqlarından didərgin salınan soydaşlarımıza dövlət qayğısından danışan komitə sədri qeyd edib ki, Azərbaycanda bu vətəndaşlarımızın yenidən cəmiyyətə inteqrasiyası üçün bütün imkanlar yaradılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman belə həssas ailələrin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məsələsini diqqətdə saxlayırlar. Lakin, əlbəttə ki, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.

H.Hüseynova informasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünyaya çatdırılması istiqamətində atılan ən mühüm addımlardan birinin də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında başlanılmış və hazırda 50-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının olduğunu vurğulayıb.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova deyib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalan 613 soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib, eyni zamanda, çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub. Bu faciə erməni terrorçularının və onların havadarlarının Azərbaycan xalqına qarşı illər boyu məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırımı siyasətini bir daha təsdiq edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı şəhərinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladıb. O, Xocalıda törədilən bu cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu, Xocalıdakı hadisələrin soyqırımı cinayəti kimi bütün dünyada tanınmalı olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıdığını qeyd edib. Bildirilib ki, Xocalı soyqırımından 27 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın işğal olunmuş digər ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymət verilməyib və cinayətkarlar hələ də cəzalandırılmayıblar.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, bu soyqırımını törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub və torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kobudcasına pozulub. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi elan edib.

Sonda yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Azertac