“Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi keçirildi

23 января 2019

Поделиться:

23 yanvar 2019-cu il tarixində Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi “Hilton Baku” otelində keçirilib. Media nümayəndələri və jurnalistika fakültəsinin 4-cü kurs bakalavr, eləcə də magistr və doktorant tələbələri üçün təşkil olunan təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılıb.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimin məqsədini diqqətə çatdıraraq bildirib ki, bu seminarların keçirilməsində məqsəd gənc jurnalistlərə və jurnalistika fakültəsi tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır. O, Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumatlar verərək, bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb. Xüsusən də media nümayəndələrinin və bu istiqamətdə fəaliyyətə başlamaq arzusunda olan gənc jurnalist tələbələrin bu mövzuya diqqətlə yanaşmasının əhəmiyyətini qeyd edib. “Bu gün ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. Lakin bir məsələni də vurğulamaq lazımdır ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işiqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”.

Sədr müavini diqqətə çatdırıb ki, vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorusunlar. Eyni zamanda, jurnalistlərimiz gender bərabərliyi sahəsində xarici ölkələrin müsbət təcrübələrini öyrənərək, bu istiqamətdə daha güclü nailiyyətlərin əldə edilməsi üçün öz təkliflərini verməlidirlər.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyes mediada gender bərabərliyinin təmin edilməsini və sahədə jurnalistlərin maariflənməsinin və beynəlxalq standartları nəzərə almaqla jurnalist materialları və informasiyaları hazırlamasının aktuallıq kəsb etdiyini bildirib. O deyib ki, əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur: "Gender bərabərliyinə Avropa məkanında bir neçə ölkədə müvəffəq olunub. Bu istiqamətdə bir çox addımlar atılır, ictimai mübarizə aparılır. Azərbaycan da istisna deyil. Deyə bilmərik ki, gender bərabərliyi sahəsində oturuşmuş Avropa modeli var və Azərbaycan onu tətbiq etməlidir. Bütün Avropa ölkələrində bu sahədə müzakirələr, ictimai mübarizə gedir. Heç kim mükəmməl deyil. Ümumi axında Azərbaycan da öz töhfəsini verir və bu məsələ ölkədə diqqət mərkəzindədir". 

Qeyd edilib ki, söz azadlığı və gender bərabərliyi qırılmaz tellərlə bağlıdır. Gender bərabərliyi təmin olunmadan insan haqlarından, cəmiyyətdə inkişafdan söhbət gedə bilməz. Təsadüfi deyil ki, BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi ayrıca məqsəd kimi qeyd edilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təlimlərin əhəmiyyətindən danışıb. O deyib ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı zəngin qanunvericilik mövcuddur. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Konstitusiyamızda qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması ilə bağlı xüsusi bənd də öz əksini tapıb.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov da layihənin əhəmiyyətini qeyd edib. O deyib ki, bu tədbir dövlət qurumlarının məsələyə xüsusi diqqətlə yanaşdığını göstərir. Bu və bundan əvvəlki layihələr gender bərabərliyi və media azadlığı sahəsində beynəlxalq təcrübənin Azərbaycan jurnalistləri arasında təbliğ olunması, onların öz fəaliyyətlərində bu dəyərlərin, beynəlxalq standartların tətbiq etməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Bu cür layihələrin həyata keçirilməsi yalnız jurnalist peşəkarlığının artırılması və bu dəyərlərin tətbiqi ilə məhdudlaşmır. Eyni zamanda, gender bərabərliyi və media azadlığı ilə bağlı ictimai fikrin formalaşmasında da mühüm əhəmiyyət daşıyır.

Təlimlər “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiya çərçivəsində yerli və Avropa Şurasının ekspertləri tərəfindən davam etdirilib.