Sumqayıtlı sosialist əməyi qəhrəmanı, fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənova

4 января 2019

Поделиться:

Zəminə Həsən qızı Həsənova 1918-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində (Corat qəsəbəsi əvvəllər Bakı Quberniyasına məxsus idi) anadan olub. O, əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini Azərbaycanın Lenin adına "Boruprokat” zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. SSRİ-nin Ali Sovetinin Prezidiumunun qərarı ilə 7 mart 1960-cı ildə Beynəlxalq Qadınlar Günü münasibətilə və əmək fəaliyyətindəki uğurlarına görə Lenin ordeni və Sosialist Əməyi Qəhrəmanı adı və "Oraq və Çəkic" qızıl medalı təltif edilib. 1969-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb.

Z. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib. Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub. O, dəfələrlə Sumqayıt Şəhər Şurasının deputatı seçilib, VI Çağırış SSR Ali Sovetinin deputatı olub. Bununla yanaşı, SSRİ Həmkarlar İttifaqları XV Konqresində iştirakçı qismində iştirak edib. 2002-ci ilin 2 oktyabr tarixində Azərbaycan Prezidentinin Sərəncamıyla Zəminə Həsənova elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində göstərdiyi fəaliyyətinə və böyük əməyinə görə, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Görkəmli metallurq Z.Həsənovaya Ələkbər Tağıyevin bəstələdiyi, sözləri R.Zəkaya məxsus "Zəminə” adlı mahnı həsr olunub və müəllifinin Z.Əliyeva olduğu kitab da yazılıb.

O, 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib və onun xatirəsini əbədiləşdirmək üçün yaşadığı binaya xatirə lövhəsi vurulub.

Qeyd edək ki, Z.Həsənova Sumqayıtın 3-cü fəxri vətəndaşı və Azərbaycanın ilk metallurq qadını olub.