Cocuq Mərcanlıda kənd icmasının iştirakı ilə tədbir keçirildi

26 декабря 2018

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 26 dekabr 2018-ci il tarixində Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd icması icmasının iştirakı ilə tədbir keçirilib. 

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxış edib. Çıxışçılar qeyd ediblər ki, Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır, əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb. Uzun illər boyu torpaqlarımız mənfur qonşular tərəfindən işğal altında saxlandığından tarixi abidələrimiz məhv, təbii sərvətlərimiz talan edilmişdir. 2016-ci ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Elə həmin il Prezidentin sərəncamı ilə tarixən burada yaşamış dinc əhalinin öz doğma torpağına qayıtması üçün əsaslı yenidənqurma işləri aparılmışdır. Həmçinin ailələrin sosial problemlərinin həlli istiqamətində bir sıra proqramlar uğurla həyata keçirilməkdə davam edir. Ölkə rəhbərliyi tərəfindən qaçqın və məcburi köçkün ailələrinə yardımlar edilir, onların problemləri daim diqqət mərkəzində saxlanılır. 

Tədbirdə çıxış edən sərhədyanı kənd sakinləri, şəhid ailələri və digər şəxslər Prezident cənab İlham Əliyevə sosial problemlərinin həlli istiqamətində göstərdiyi həssas münasibətə görə minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət ediblər, önünə gül dəstələri qoyublar.

Tədbir çərçivəsində 150 ailəyə ərzaq yardımı edilib, eyni zamanda 80-dən çox uşağa yeni il hədiyyəsi təqdim edilib. Yekunda uşaqlar üçün Yeni il şənliyi təşkil olunub. Bədii hissə Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə baş tutub.