Sumqayıt şəhəri Musiqi Kollecin tələbələri üçün “Erkən nikah. Reproduktiv sağlamlıq və ailə planlaşdırması” adlı tədbir keçirilmişdir.

30 ноября 2018

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələri erkən nikahın fəsadları, reproduktiv sağlamlıq və ailə planlaşdırması sahəsində maarifləndirilməsi məqsədilə    30 noyabr 2018-ci il tarixində saat 12.00-da Sumqayıt şəhəri Musiqi Kollecin tələbələri üçün “Erkən nikah. Reproduktiv sağlamlıq və ailə planlaşdırması”  adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Musiqi Kollecinin direktoru Rasim Quliyev tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva  ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə çıxış edərək, cəmiyyətimizi narahat edən aktual problemlərdən biri kimi  erkən nikah  halları, onların yaratdığı fəsadlar və bu fəsadların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülmüş işlər barədə  tədbir iştirakçılarına məlumat verib.

Sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-Siyasi Islahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova “Erkən nikah və reproduktiv sağlamlıq. Ailə planlaşdırılması” adlı təqdimatla çıxış edərək, tədbir iştirakçılarına erkən nikahlarının qızların reproduktiv sağlamlığına göstərən mənfi təsirindən bəhs edib və ailə planlaşdırılması üsulları barədə ətraflı danışıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılmış və Kollec tələbələrini maraqlandıran suallara cavab verilmişdir.

Sonda Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunmuş və  “Azərbaycan Ailəsi Film Festivalına”  təqdim olunan erkən nikahların fəsadlarından bəhs edən “Erkən nikah” adlı film və “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş etdirilmişdir..